5 maddədə ötən həftə necə keçib | Banco.az

5 maddədə ötən həftə necə keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya birjalarının əsas gündəm mövzusu ölkələrin inflyasiya göstəriciləri, mərkəzi bankların faiz qərarları və kriptovalyuta bazarlarındakı qeyri-müəyyənlik olub.

Banco.az geridə qoyduğumuz həftənin maraqlı məqamlarını diqqətinizə çatdırır:

1. Dünyanın aparıcı bankları işçilərini ixtisar edir

Ötən həftə ABŞ-ın transmilli investisiya bankı “Citigroup”da onlarla insan, Britaniyanın universal bankı “Barclays”də isə yüzlərlə insan işindən azad olunub. Daha əvvəl isə bankçılıq nəhəngi “Morgan Stanley” Asiya-Sakit okean regionunda fəaliyyət göstərən investisiya bankçılığı bölməsində çalışan 50 nəfəri ixtisar edəcəyini bildirmişdi.

2. ABŞ-da və Rusiyada inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-da oktyabr ayında aylıq inflyasiya 0,4 faizlə proqnozlardan geri qalıb, illik inflyasiya isə 7,7 faizlə ötən 9 ayın minimununa enib.

Rusiyada isə ötən ay illik inflyasiya sentyabrla müqayisədə 13,68 faizdən 12,63 faizə düşüb.

3. BVF sədri mərkəzi banklara inflyasiya ilə bağlı çağırış edib

Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristalina Georgieva həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında mərkəzi bankların qarşısındakı ən başlıca və cari problemin inflyasiyanın azaldılması olduğunu vurğulamaqla onları bu istiqamətdə tədbirlər görməyə çağırıb.

Ən sərfəli kredit üçün müraciət et

4. Mask "Twitter"lə bağlı yeni qərarlarını açıqlayıb

“Twitter”in yeni direktoru, dünyanın ən varlı insanı İlon Mask şirkət işçilərinə elektron poçt göndərərək onlara məsafədən iş rejiminin başa çatdığını və həftə ərzində ən azı 40 saatı ofisdə keçirmələrinin zəruri olduğu bildirilib. O, həmçinin şirkətin cari problemlər səbəbindən gəlir itkisi ilə üzləşdiyini, belə davam edərsə, iflas halının qaçılmaz olduğunu vurğulayıb.

5. "Microsoft"un həmtəsisçisi Pol Allenin kolleksiyası rekord məbləğə alıcı tapıb

Ötən həftə “tarixin ən bahalı incəsənət hərracı” baş tutub. Belə ki, “Microsoft” şirkətinin təsisçilərindən biri olan Pol Allenin tanınmış sənət əsərlərindən ibarət kolleksiyası Londondakı “Christie's” hərracında satışa çıxarılıb və 1,6 milyard dollara satılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et