Müəllifz:Gülbəniz Hüseynli/Banco.az
“Növbəti ildə isə FES-in uçot dərəcəsini mərhələli olaraq endirəcəyi gözlənilir ki, bu özü də qlobal iqtisadiyyatda Amerika valyutasının aparıcı rolunu artırmağa kömək edəcək”
Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Pərviz Heydərov edib. Ekspert hesab edir ki, gələn ildə enerjidaşıyıcılarından asılı ölkələr müəyyən çətinliklərlər üzləşə bilərlər:
“2024-cü il ərzində qlobal maliyyə və iqtisadi sistem üçün bir sıra təhdidlər sırasında neft məsələsi yoxdur. Ən böyük təhlükələr sırasında qlobal istiləşmə və iqlim dəyişiklikləri, quraqlıq və digər təbii fəlakətlər kimi ehtimallar əsas götürülür. BMT-nin qiymətləndirməsinə görə, bu sahədə göstərici qlobal ÜDM-in 91%-nə çatıb. Ən yüksək borc və büdcə çatışmazlığı da ABŞ ilə Avropa Birliyinə (AB) məxsus sayılır.
Ötən keşməkeşli hadisə və proseslərə rəğmən ABŞ iqtisadiyyatı güclü qaldı. Buna səbəb pandemiyanın Amerika hökumətini biznesi və əhalini dəstəkləmək üçün izafi emissiya və çoxlu həcmdə istiqrazlar alınması siyasətinə sürükləməsi idi. Eyni addımı AB-i də atdı. 2021-ci ilin martın sonuna ABŞ-ın dövlət borcu 28 trilyona çatmaqla ÜDM-in 101%-ni təşkil etdi. Az sonra isə AB-i də bu sahədə öz ÜDM-ni keçdi”.
Hazırda bütün mərkəzi bankların uçot dərəcələrini sabit saxlayaraq növbəti ildən tədricən onu endirməyi planlaşdırdıqlarını qeyd edən iqtisadçı əlavə etdi ki, FES-dən əlavə AB mərkəzi bankı da uçot dərəcəsini sabit saxlayıb.
“Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyəti dekabrın 14-də keçirilən iclasında faiz dərəcələrini dəyişməyib. Baza faiz dərəcəsi 4,5%, marjinal kreditləşmə dərəcəsi 4,75%, depozit dərəcəsi isə 4%-də qalıb.
Gələn il uçot üzrə faiz dərəcələri endiriləcəyi təqdirdə neftin qiyməti ucuzlaşa bilər. Buna əsasən də, ABŞ dolları rəvac yaradacaq. Xatırladım ki, neftin bir barelinin dünya bazar qiymətləri 50 ABŞ dollarından aşağı səviyyədə olarsa, iqtisadiyyatımız uzun müddət buna tab gətirməyə bilər. Nəticədə, artım durğunluqla üzləşəcək ki, bu da makroiqtisadi amilləri titrədə bilər”.