Məlumata sahib olan ölkələrdə belə verilənlər qurumlar arasında səpələnib.
Bunu Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərin daha keyfiyyətli məlumatlarla imkanlarının genişləndirilməsi - siyasətin formalaşdırılması və qərarların qəbulu üçün əlçatan və tətbiq oluna bilən məlumatlar" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, texnologiyalardakı artan dəyişikliklərlə birlikdə, məlumatlar bəzən bir-biri ilə uyğun deyil: "Bunlar hətta məlumat toplamaq lüksünə sahib olan ölkələrdə gördüyümüz problemdir. Bir qurum olaraq, planlaşdırma perspektivi baxımından məlumat vacibdir və müştərilərimizin məlumat ehtiyaclarını necə qarşılayacağımız baxımından çox çevik olmalıyıq. Hamımız məlumatların dəyərini başa düşsək də, müştərilərimiz bəzən toplaya biləcəkləri məlumat növləri baxımından çox məhdudlaşdırılıb. Əfqanıstan kimi, yaxın vaxtlarda münaqişə və ya seysmik fəaliyyət yaşamış, məlumat toplamaq üçün çox az infrastrukturu olan ölkələr var. Həmçinin iqlim dəyişikliyindən əziyyət çəkən Sakit Okean Ada ölkələri, Dakka, Hindistan və yaxud Pakistandakı son dərəcə sıx əhaliyə malik çox sıx şəhərlər var".
ADB rəsmisi qeyd edib ki, yer müşahidə məlumatlarından istifadə etməklə riskli əraziləri, o cümlədən daşqın riski altında olan əraziləri müəyyən edirlər: "Faktiki layihələndirmə söhbətinə gəldikdə, torpaq istifadəsinin planlaşdırılması su təmizləmə stansiyası və yaxud kanalizasiya stansiyası üçün düzgün yeri təmin etmək baxımından son dərəcə vacibdir, xüsusilə fəlakət baş verəcəksə. Yanlış yerdə yerləşdirilmiş investisiyanın boşa getdiyini kifayət qədər vurğulaya bilmərəm. Bəzən şəhərlərin ən münasib yeri deyil, ən ucuz yerini seçmək meyli olur. Uzunmüddətli infrastruktur investisiyası perspektivindən düzgün məkanı seçmək çox vacibdir".
O, fəlakət baş verməzdən əvvəl məlumata sahib olmağın çox vacib olduğunu bildirib: "Məsələn, baş qərargahımız Filippindədir ki, orada hökumətin nəzarətindən kənar çoxsaylı tayfunlar, həmçinin zəlzələlər və vulkanik fəaliyyət baş verir. Həssas insanların harada olduğu və tayfunların nə zaman gəldiyi barədə məlumatın olması, yenə geoməkan və Yer müşahidə məlumatlarından istifadə etməklə, həqiqətən bizə və hökumətə xəbərdarlıqlar vermək, insanları təxliyə etmək və insan itkisinin qarşısını almaq baxımından çox kömək edir. Məlumatların maliyyələşdirmə və sığorta üçün necə istifadə oluna biləcəyi bu gün çox vacibdir. Bizim kimi qurumlar bunu parametrik sığorta adlanan bir şey üçün istifadə edir, burada şəhərlər sığorta əldə edə bilər və fəlakət baş verdiyi halda ödəniş ala bilər. Bu, yenidən qurmaq üçün maliyyənizin olması məqsədilə sığorta almaq üçün dövlət pullarının çox effektiv istifadəsidir".
