Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“2023-cü ilin dekabr ayında dollara tələbat artsa da, ümumilikdə il ərzində valyuta bazarında vəziyyət yaxşı olub”.
Bu fikirləri Banco.az-a iqtisadçı Xalid Kərimli deyib. Azərbaycanda idxalın vəziyyətində olan artıma diqqəti yönəldən ekspert bildirdi ki, ölkədə dollara olan tələbat bir neçə istiqamətdə aparılır:
“Bildiyiniz kimi, Neft Fondunun büdcə qarşısında öhdəliyi var. Fond həmin dolları manata çevirib dövlət büdcəsinə ödəyir. Dolların da bir neçə alıcısı var. Kommersiya banklarının tələbatları icra olunduqdan sonra yerdə qalan vəsaiti Mərkəzi Bank alır.
Statistikaya da baxanda görürük ki, bazara çıxarılıb satılan dollar Neft Fondunun dövlət büdcəsinə transfer etməli olduğu məbləğdən az olub. Bu o deməkdir ki, qalan məbləği Mərkəzi Bank alıb. Çünki Mərkəzi Bankın ehtiyatlarının artmasının mənbəyi də odur. Güman edirəm ki, 2024-cü ilin yanvar -fevral aylarında dollara olan tələbat azalacaq”.
Dollara olan tələbatın psixoloji faktorlara dayandığını qeyd edən Xalid Kərimli hesab edir ki, növbəti ildə dollar qıtlığı olmayacaq:
“Ölkədə 2023-cü ilin 11 ayında 15.8 milyardlıq idxal edilib. 2022-ci ildə isə bu rəqəm 12.9 milyard olub. Bu o deməkdir ki idxalda 2.9 milyardlıq yəni 22.5 faiz idxalda artım var.
Qeyri-neft ixracında artım olsa da bu elə də ciddi rəqəm deyil. Təqribən 200-300 milyard dollardan söhbət gedir.
Azərbaycanın 10 ayda qeyri-neft ixracı 11.1 faiz artıb. Bu da ötən ilə nəzərən 2.7 milyard dollar artım deməkdir. Statistikaya əsasən deyə bilərik ki, dollara tələb yenə də Fondun üzərində yəni neft-qazdan gələn gəlirin hesabına olub.
Cari ildə elektrik enerjisinin ixracı ötən illə müqayisədə çox artıb. Bu artımların digər səbəb SOCAR-ın karbomid zavodunun ixrac potensialının çoxalmasıdır. Bütün sadalanan faktlara əsasən qeyd edə bilərik ki, dollara olan tələbat 2024-cü ildə də böyük olacaq. Xatırladım ki, Mərkəzi Bank gələn il üçün 7-8 milyard dollarlıq profisit gözləyir. Bu o deməkdir ki, dollar çatışmazlığı problemi olmayacaq”.
Bizi sosial şəbəkələrdən izləyin!!