2017-ci ilin sonuna manatı nə gözləyir? | Banco.az

2017-ci ilin sonuna manatı nə gözləyir?

Son aylar ərzində manatın qiymətində nisbi möhkəmlənmə sezilir. Ölkədə keçirilən beynəlxalq tədbilərin, oyunların fonunda ölkəyə müəyyən xarici valyuta axınının olacağı gözləniləndir. Həmçinin yay ayında ölkəyə turistlərindən axını proqnozlaşdırılır. Bütün bunların fonunda manatın qiymətinin necə hərəkət edəcəyi insanları daha çox maraqlandırır. Vəsaitlərini qışda dollardan manata çevirməyib, indi cüzi ucuzlaşmanı görənləri isə bir sual narahat edir: İlin sonuna qədər manatın qiyməti necə dəyişəcək? Banco.az olaraq, bu sualı iqtisadçı ekspert Rəşad Həsənov ilə müzakirə etdik.

Rəşad Həsənov:  

Manatın devalvasiyasının ölkə üçün yaratdığı bir-iki kiçik müsbət məqam varsa, bunlardan biri də məhz turizm üçün qiymət əlverişliliyinin artması və rəqabətliliyin gücləməsi məsələsidir. Bu gün Azərbaycanın valyuta bazarları kifayət qədər kiçikdir. Bunun müxətlif səbəbləri var:

1) Son iki ildə həm bank sektorunda - əmanət və depozitlərdə, həmçinin vətəndaşların fərdi yığımlarında sürətli dollarlaşma prosesi getdi. Bu dollarlaşma artıq manat kütləsinin dövriyyədən çıxarılması ilə paralel şəkildə baş verdi.

2) Dövlət büdcəsindən xərclərə məhdudiyyət tətbiq olunur. Ötən il dövlət başçısının imzaladığı fərmanla, 2018-ci ilin yanvarın 1-nə qədər olan müddətdə, dövlət büdcəsi vəsaitlərinin hesabına idxal məhsullarının alınması yalnız prezidentlə razılaşdırmaq şərti ilə və ancaq zəruri hallarda mümkündür. Bu isə dövlət vəsaitlərinin ixraca, yəni dollar alışına, xarici bazarda dollar tələbinin formalaşmasına bir məhdudiyyət kimi qiymətləndirilməlidir. Çünki bizim iqtisadiyyatın maliyyə mənbəyi, iqtisadiyyata daxil olan vəsaitin böyük bir qismi dövlət büdcəsindən olan daxil olmalardır. Bu  da hazırkı prosesin tənzimlənməsinə səbəb olan faktorlardan biridir.

3) Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət. Böhranın ciddi təsirlərindən 2 il keçməsinə rəğmən hökumət sərt pul siyasəti həyata keçirir. Mərkəzi Bankın niyyəti sadəcə ortalıqda manat buraxmamaqdır. Keçirilən depozit hərracları da buna hədəflənib. Bir neçə gün öncə keçirilən kollegiya iclasında, qəbul olunan uçot dərəcəsinin azaldılmaması siyasəti də buna hədəflənib.  Bu baxımdan hazırda dövriyyədə tələbi formalaşdıracaq manat yoxdur.

Eyni zamanda dövlət büdcəsindəki xərcləmə proseslərinə da baxmaq lazımdır, çünki proseslər təkcə idxalla bağlı deyil, vəsaitlərin bir hissəsi də yığımlara yönəlir. Necə ki, müəyyən fəaliyyətlərin icrası zamanı əldə olunan ödənişlərin bir qismi insanlar tərəfindən yığıma yönəlir, hal-hazırda mövcud şərtlər daxilində həmin yığımlar dollar şəklində saxlanılır. 2014-cü ildə dövlət büdcəsi 20 milyarddan yuxarı idi, 2017-ci ildə 16,7 milyard dollara qədər azalıb.  Bu da valyuta bazarlarının kiçilməsini şərtləndirib.

4) Psixoloji təsir göstərən faktor isə neftin qiymətidir.  2016-cı ilin noyabrın sonundan etibarən neftin qiyməti təxminən 55 dollar ətrafında bir dinamika nümayiş etdirir. Hazırda son iki həftədə neftin qiymətində ucuzlaşma müşahidə olunsa da, bu zənnimcə uzun müddətli dövr üçün nəzərdə tutlumayıb.  Çünki 25 mayda OPEK-in toplantısında, neft hasilatının balanslaşdırılması ilə bağlı çox güman  razılıq əldə olunacaq və neftin qiyməti yenə də 55 dollar civarında səviyyəyə yüksələcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu faktor həm də tədiyyə balansına müsbət təsir göstərib. 2016-ci ilin birinci rübündə, tədiyyə balansında 1,2 milyard kəsir var idi. Amma 2017-ci ildə bu kəsir yoxdur və ya yaxud xarici ticarət balansında 2016-ci ilin 1-ci rübündə 78 milyon kəsir var idisə, 2017-ci ildə məhz neftinq iymətinin nisbətən baha olması səbəbindən, 1,1 milyarda qədər müsbət saldo formalaşıb.  Bu isə həm hökumətin rahat nəfəs almasına, həm də bazarlardakı psixoloji təzyiqin zəifləməsinə xidmət edib.

5) Digər bir səbəb isə Beynəlxalq Bankdır. Bildiyimiz kimi Beynəlxalq Bank, 2017-ci il üçün Neft Fondunun büdcəsi təsdiqlənən zaman Mərkəzi Banka 7,5 milyard həcmində transferin ayrılması yolu ilə valyuta bazarlarından uzaqlaşdırıldı. Yəni Mərkəzi Bank Neft Fondundan aldığı vəsaitin böyük bir qisminin məhz Beynəlxalq Bankın öhdəliklərinin yerinə yetirməyə yönəldib. Məhz bu səbəbədən bazarın ən böyük iştirakçısı 2017-ci ildə ortadan çıxıb.

Hazırda bazarın həcmi çox kiçikdir və istənilən valyuta axını buna öz təsirini göstərir. Bu gün artıq Azərbaycan bazarında turist xərcləmələri müəyyən əhəmiyyət kəsb etməyə başlayıb.  Yəni bir neçə il bundan qabaq bunun haqqında danışmağın mənası yox idisə, çünki 30 milyard illik dövrüyyəsi olan valyuta bazarı var idi və bu cür halda hər hansı bir turistin gətirib xərclədiyi 3-5 min dolların əhəmiyyəti yox idi və Azərbaycan turizm sektoru da göz qabağında idi. Amma bu gün əhəmiyyəti var, çünki bazarımız çox kiçikdir. Gün ərzində 30-40 milyon ABŞ dolları civarında vəsait bazarın ehtiyaclarını qarşılamağa kifayət edir və bu vəsaitin daxilində turist xərcləmələri artıq gözə görünür və xüsusi çəkiyə malikdir. Təbii ki, İslam Həmrəylik Oyunları bazara xaricdən valyuta daxil olmalarını artıracaq. Bu da növbəti iki ay ərzində sabitliyə - tənzimlənməyə səbəb olacaq, təxminən manatın 6-7 qəpik civarında möhkəmlənmə ehtimalı da vardır.

Amma avqustun ortalarından başlayaraq,idxal olunan kütləvi istehlak mallarına tələbin artması, xüsusi ilə də məktəb dövrünün başlaması və məktəb ləvazimatlarına tələbatın olması manat üzərində yeni təzyiq dalğası yaradacaq. Bu əslində heç də kiçik məsələ deyil. Ölkə ərazisində təxminən 1 milyondan artıq şagird və tələbədən söhbət gedir, 300 minə qədər isə məktəb müəllimi vardır. Və onların təchizatını təmin etmək qısa müddətdə bazarda 1 milyardan artıq istehlak deməkdir. Bu Azərbaycan bazarı üçün kifayət qədər ciddi təzyiq formalaşdırır.

Digər məsələ yenə də neftin qiymətidir. OPEK-in neftin hasilatı ilə bağlı razılığı əldə olunmaya da bilər  və ya razılıq olsa belə onun icrasında çətinliklər yaşana bilər. Hətta Rusiyanın özü də du məsələdə çəkingən mövqe nümayiş etdirir, hazırda energetika naziri və baş nazir səviyyəsində fərqli fikirlər səslənir. Ola bilsin ki, qərar qəbul olunsa da OPEK  bu razılığın icrasında çətinliklər ilə üzləşsin və neftin qiyməti ucuzlaşsın.

Amma bu razılaşma əldə olunsa belə dekabrın sona doğru əhəmiyyətini itirəcək. Çünki ABŞ-da neft hasilatı sürətlə artır, neftin qiyməti düşəcəkdir. Təxminən, bizim kiçik valyuta bazarımızı da nəzərə alsaq, düşünürəm ki, ən güclü təzyiqlər fonunda belə, 2017-ci ildə manat bir ABŞ dolları üçün 2 manatlıq psixoloji həddi keçə bilməyəcək. Amma ilin sonunda dolların bahalaşması baş verəcək, həmçinin  bildiyiniz kimi ilin sonunda büdcə xərcləmələri artır. Xüsusi ilə ilin dördüncü rübündə, bu təxminən  1 ABŞ dolları üçün 1,85- 1,95 manat civarında olacaq. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et