Tamara Mustafayeva, Banco.az
Şri-Lankadakı evlərdən birinin arxa baxçasında quyu qazan işçilər 500 kiloqramdan çox çəkisi olan 2,5 milyon karatlıq sapfir daşı tapıblar.
Banco.az xarici mətbuata istinadla bildirir ki, 1 metr uzunluqda və 70 sm enlikdə olan dünyanın ən böyük sapfir daşı qiymətli daş yataqları baxımından zəngin Ratnapura bölgəsindəki bir evin bağçasında qazıntı işləri aparıldığı əsnada təsadüfən aşkar edilib.
Mütəxəssislər solğun mavi rəngdə olan bu daşın beynəlxalq bazarda təxminən 100 milyon dollar dəyərində olduğunu bildiriblər. 400 milyon illik tarixə malik olduğu ehtimal edilən və 510 kiloqram ağırlığındakı daşın "Serendipity Sapphire" ("Xoş təsadüf Sapfiri") adlandırıldığı söylənilib.
Daşın sahibi BBC-ə verdiyi müsahibədə, "Quyunu qazan şəxs bəzi nadir daşlarla bağlı bizə xəbərdarlıq etmişdi. Daha sonra isə bu nəhəng nümunə ilə qarşılaşdıq", deyə bildirib. Bununla yanaşı, o, təhlükəsizlik səbəbindən ad və soyadını, həmçinin yaşadığı ünvanı dəqiqliklə qeyd etməyib. Üçüncü nəsil qiymətli daş taciri olan bu şəxs sözügedən sapfir daşını ekspertlərə göstərməzdən əvvəl onun palçıq və digər maddələrdən təmizləməsi üçün bir ildən çox vaxt getdiyini vurğulayıb.
Xatırladaq ki, sinhal dilində "qiymətli daşlar şəhəri" mənasını verən Ratnapura Cənubi Asiya ölkəsinin paytaxtı kimi tanınır. Daha əvvəl buradan başqa qiymətli daşlar da tapılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!