Kreditləşmə fəaliyyətinə dair sorğuların keçirilməsinə başlanıb | Banco.az

Kreditləşmə fəaliyyətinə dair sorğuların keçirilməsinə başlanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) özünün strateji kommunikasiya missiyasına uyğun olaraq iqtisadi təhlil imkanlarının artırılması və iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə ictimaiyyətin, o cümlədən aparıcı hədəf qruplarının aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu əsasda dövri olaraq statistik və təhlili hesabatlar, icmallar, bülletenlər, tədqiqat işlərinin, sorğuların nəticələri geniş auditoriyaya təqdim olunur.

AMB-dan bildirilib ki, bu xüsusda bu ilin birinci rübündən etibarən Mərkəzi Bank tərəfindən bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların keçirilməsinə başlanıb. Sorğunun məqsədi maliyyə sabitliyinə riskləri qiymətləndirmək, kredit bazarında hərarətlənmə və ya daralma meyillərini müəyyən etməkdir.

Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların qarşılaşdığı risklərin müəyyən edilməsi və qiymətləndirilməsini ehtiva edir.

Sorğu nəticələri kredit bazarında aktivlik barədə yeni informasiya mənbəyi olmaqla təhlil və proqnozlaşdırma alətidir. Sorğu nəticələrinə əsasən, bankların kreditləşmə siyasətinin cari ilin I rübündə yumşalması, bütün növ kreditlərə tələbin isə artması müşahidə olunur. Bu trendlərin II rübdə də davam etməsi banklar tərəfindən proqnozlaşdırılıb.

Kredit siyasəti əsasən istehlak və ipoteka kreditlərinə nisbətdə yumşalıb. Biznes kreditləri üzrə yumşalma isə əsasən mikro sahibkarlıq subyektlərinə münasibətdədir.

Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla davamlı şəkildə təkmilləşdirilərək rüblük əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində elektron versiyada dərc olunacaq.

Cari ilin birinci rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə qeyd edilən linkdə tanış olmaq olar: https://uploads.cbar.az/assets/b6f491363444aa4829bd773d7.pdf

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et