Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları | Banco.az

Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları

Demək olar ki, dünyanın hər yerində insanlar evdə qalmalı olduqları bu günlərdə vaxtlarını müxtəlif formada səmərəli keçirməyə çalışırlar. Hətta evdən işləməli olanların belə vaxt ayırmağa çalışdığı fəaliyyət isə şübhəsiz ki, gündəmdə olan serial və filmləri izləməkdir. Son illərdə olduqca populyarlaşan Netflix platforması da xüsusilə öz istehsalı olan serial və filmlərlə karantin günlərində ən çox üstünlük verilən seçimlərdən birinə çevrilib.

Siz isə hələ də Netflixin serial kataloqunda seçim etməkdə çətinlik çəkirsinizsə, son illərin ən bəyənilən seriallarından hazırladığımız TOP-10 siyahısı ilə tanış olmağa tələsin.

1. La Casa de Papel

Ölkə: İspaniya

Janr: Dram, triller

Prodüser: Álex Pina

“Professor” adlandırılan bir dahi tarixin ən böyük soyğununu həyata keçirmək üçün qüsursuz bir plan hazırlayır. Bu planı reallaşdırmaq üçün müəyyən bacarıqlarına görə seçilmiş və itirəcək heç nəyi olmayan səkkiz nəfərdən ibarət soyğun heyəti İspaniya Kral Zərbxanasına daxil olub burada milyardlarla avro məbləğində kağız pul çap etməyə başlayır. Bunun üçün isə onların cəmi 11 günə ehtiyacları var.

Xatırladaq ki, serialın 4-cü sezonu ötən günlərdə Netflix kataloqundakı yerini alıb.

2. Black Mirror

Ölkə: Birləşmiş Krallıq

Janr: Elmi fantastika, psixoloji triller

Prodüser: Charlie Brooker

Bir qrup insanın şəxsi həyatı ətrafında cərəyan edən hadisələri və texnologiyanın onların davranışlarına təsirini ekranlaşdıran antologiya serialı.

3. Lucifer

Ölkə: ABŞ

Janr: Fantastika

Prodüser: Alex Katsnelson, Michael Azzolino, Erik Holmberg, Karen Gaviola

Cəhənnəmin hakimi olmağı artıq darıxdırıcı hesab edən şeytan, Lucifer Los-Anceles şəhərinə köçür və burada gecə klubu açır. Tezliklə yerli polislə əlaqə yaradan Lucifer çətin cinayət işlərinin həllində onlara kömək etməyə başlayır.

4. Messiah

Ölkə: ABŞ

Janr: Triller

Prodüser: Michael Petroni

Otuza yaxın müxtəlif məkanda lentə alınan bu mini serial iki min illik bir tarixi əks etdirir. Filmdə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı dini hərəkat başladan və bununla da siyasi çaxnaşmaya səbəb olan bir nəfəri araşdırır.

5. Anne with an E

Ölkə: Kanada

Janr: Dram

Prodüser: Moira Walley-Beckett

Kanadalı yazıçı Lucy Maud Montgomery tərəfindən 1908-ci ildə qələmə alınan “Yaşıl Mezoninlərdən Olan Anya” (“Anne of Green Gables”) əsərinə əsaslanan serial cəsur və həyatdolu yetim bir qızın səhvən Şahzadə Eduard əyalətində yaşayan yaşlı bacı-qardaşın yanına göndərilməsi ilə başlayan macəralarından bəhs edir. 13 yaşlı bu qızın gəlişi ilə artıq heç kəsin həyatı əvvəlki kimi olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

6. Locke & Key

Ölkə: ABŞ

Janr: Dram, fantastika

Prodüser: Ra'uf Glasgow, Kevin Lafferty

Atalarının qətlindən sonra anaları ilə birlikdə köhnə bir evə köçüb burada yaşamağa başlayan üç bacı-qardaş qeyri-adi güc və bacarıqları, həmçinin gizli sirləri ortaya çıxaran sehirli açarlar tapırlar.

7. Unbelievable

Ölkə: ABŞ

Janr: Dram, kriminal

Prodüser: Susannah Grant, Ayelet Waldman, Michael Chabon

Gənc bir qızın təcavüzə uğradığına dair yalan söyləməklə ittiham edilməsindən illər sonra iki qadın dedektiv oxşar hadisələri araşdırmağa başlayır. Serial real hadisələrə əsaslanaraq lentə alınmışdır.

8. Peaky Blinders

Ölkə: Birləşmiş Krallıq

Janr: Tarixi fantastika, kriminal dram

Prodüser: Steven Knight

Serial Birinci Dünya Müharibəsindən sonra İngiltərənin Birminhem şəhərində fəaliyyət göstərən “Peaky Blinders” adlı cinayət dəstəsinin başçısı qəddar mafia başçısı Tommy Shelby və onu ələ keçirməyə çalışan baş müfəttiş Chester Campbell arasındakı gərgin mübarizədən bəhs edir.

9. Sense8

Ölkə: ABŞ

Janr: Elmi tantastika, dram

Prodüser: The Wachowskis, J. Michael Straczynski

“Matrix” və “Babylon 5” kimi iki möhtəşəm serialın yaradıcılarının ərsəyə gətirdiyi bu elmi fantastik serialda telepatiya üsulu ilə bir-birlərinin həyatını yaşaya bilən səkkiz nəfərin hekayəsi əks olunur.

10. The Haunting of Hill House

Ölkə: ABŞ

Janr: Qorxu, dram

Prodüser: Mike Flanagan

1959-cu ildə Amerikalı yazıçı Şirli Ceksonun qələmə aldığı “Təpədəki Evin Kabusu” (“The Haunting of Hill House”) adlı romanın motivləri əsasında çəkilən eyniadlı antologiya serialında hadisələr bir ailənin köhnə evlərinə məcburən qayıtması və burada onları vaxtıyla evdən uzaqlaşdıran qorxuducu sirrlər ətrafında cərəyan edir.

Həmçinin oxu: Netflix karantin günlərində faydalı olacaq iki yeni funksiya elan etdi

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et