Kiçik ideyadan 173 milyon dollarlıq biznesə: Erika Qroussmanın uğur hekayəsi | Banco.az

Kiçik ideyadan 173 milyon dollarlıq biznesə: Erika Qroussmanın uğur hekayəsi

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Böyük bizneslər bəzən mürəkkəb planlardan deyil, gündəlik həyatda qarşılaşılan sadə problemlərdən yaranır. Amerikalı sahibkar Erika Qroussmanın hekayəsi də bunun nümunəsidir. O, ailəsi ilə səfər zamanı qarşılaşdığı bir problemdən yola çıxaraq protein batonları istehsal edən “Trubar” brendini yaradıb. Bir neçə il ərzində kiçik biznesini ABŞ-ın aparıcı pərakəndə satış şəbəkələrinə çıxarıb, on milyonlarla dollarlıq gəlir əldə edən şirkət qurub.

“Entrepreneur” nəşrinin 2026-cı ildə dərc etdiyi araşdırmaya görə, “Trubar” 2025-ci ildə təxminən 100 milyon dollar gəlir əldə edib. 2026-cı ilin fevralında isə Türkiyənin qida istehsalçısı “ETi Gıda” şirkəti “Trubar”ı 173 milyon dollara satın alıb. Bu, şəxsi ehtiyacdan yaranan ideyanın böyük biznesə çevrilməsinin diqqətçəkən nümunəsidir.

Hər şey sadə bir problemdən başladı

Erika Qroussman biznes fəaliyyətinə qida sənayesində başlamamışdı. O, Los-Ancelesdəki Kaliforniya Universitetində kommunikasiya üzrə təhsil alıb, daha sonra film maliyyələşdirilməsi və daşınmaz əmlak sahələrində çalışıb.

Yeni biznes ideyası isə ailəsi ilə Disneylendə səfəri zamanı yaranıb. Qroussman özü ilə protein batonu götürmüşdü. Məhsulun dadını bəyənsə də, onu yedikdən sonra özünü rahat hiss etməmişdi. Bu təcrübə ona bazarda fərqli məhsul yaratmaq imkanı barədə düşündürüb. Onun məqsədi həm şirniyyat kimi dadlı, həm də gündəlik qidalanmaya uyğun protein batonu hazırlamaq idi. Başqa sözlə, istehlakçılar sağlam qida seçərkən dad baxımından güzəştə getməməli idilər.

Qroussman ideyasını reallaşdırmaq üçün qida elmi üzrə mütəxəssislə əməkdaşlıq edib. Məhsulun dadına, teksturasına və istehlak zamanı yaratdığı hissə xüsusi diqqət yetirilib. Beləliklə, Trubar brendinin əsası qoyulub.

Trubar 2018-ci ildə fəaliyyətə başlayıb. İlk mərhələdə şirkətin böyük reklam büdcəsi və geniş satış şəbəkəsi yox idi. Buna görə Qroussman məhsulunu potensial müştərilərə birbaşa təqdim etməyə üstünlük verib.

O, protein batonlarını yerli şirə dükanlarına, kiçik ərzaq mağazalarına və digər satış nöqtələrinə təklif edirdi. Məhsulların kassanın yanında yerləşdirilməsi ilə bağlı mağaza sahibləri ilə danışır, əvvəlcə az sayda məhsul təqdim edirdi. Məhsullar satıldıqda mağazalar yenidən sifariş verirdi. Bu, sahibkara istehlakçıların məhsula həqiqətən maraq göstərib-göstərmədiyini anlamağa imkan yaradırdı.

Bu yanaşma biznesin inkişafı baxımından əhəmiyyətli idi. Çünki şirkət böyük məbləğlər xərcləmədən məhsulun bazarda nə dərəcədə qəbul olunduğunu yoxlaya bilirdi.

Qroussmanın təcrübəsi göstərir ki, yeni biznesə başlamaq üçün ilk gündən böyük satış həcminə sahib olmaq vacib deyil. Əsas məsələ məhsula real tələbatın olub-olmadığını müəyyənləşdirməkdir.

Böyümək istəyi şirkəti borca saldı

İlk satışların uğurlu olması Trubar-ın daha sürətlə böyüməsinə təkan verdi. Lakin şirkətin genişlənməsi zamanı ciddi maliyyə problemi yarandı.

Biznesin idarə olunmasına kömək etmək üçün cəlb edilən şəxslə bağlı qərarlar və xərclərin artması şirkətin təxminən 7 milyon dollar borcla üzləşməsinə səbəb olub. Bu, Qroussman üçün biznes həyatının ən çətin dövrlərindən biri idi. Şirkəti bağlamaq və itkilərlə barışmaq variantı da gündəmə gəlmişdi. Lakin o, fəaliyyətini davam etdirmək qərarına gəlib.

Bu təcrübə sahibkara biznesin böyüməsinin yalnız daha çox məhsul satmaqdan ibarət olmadığını göstərib. Xərclərə nəzarət, maliyyə planlaşdırılması və idarəetmə qərarlarının düzgün verilməsi də şirkətin gələcəyi üçün vacibdir.

“Trubar”ın hekayəsində bu mərhələ xüsusilə diqqətəlayiqdir. Çünki uğur yalnız satışların artması ilə ölçülmür. Şirkətin maliyyə çətinliklərini idarə etmək və fəaliyyətini davam etdirmək bacarığı da uzunmüddətli inkişafın əsas şərtlərindəndir.

“Houl Fudz” və “Kostko” ilə əməkdaşlıq

Trubar-ın inkişafında mühüm mərhələlərdən biri böyük pərakəndə satış şəbəkələrinə daxil olması olub.

Qroussman təxminən 2020-ci ildə peşəkar əlaqələr vasitəsilə ABŞ-ın tanınmış ərzaq mağazaları şəbəkəsi “Houl Fudz”da məhsulunu sınaqdan keçirmək imkanı əldə edib.

İlk mərhələdə məhsullar şəbəkənin 30 mağazasında satışa çıxarılıb. Qroussmanın sözlərinə görə, məhsul həmin mağazalarda öz kateqoriyasında yüksək satış nəticələri göstərib. Bu nəticə şirkətin daha geniş bazara çıxışını asanlaşdırıb.

Növbəti mühüm addımlardan biri isə “Kostko” ilə əməkdaşlıq olub. Şirkət əvvəlcə Kanada bazarında bu satış şəbəkəsi ilə işləməyə başlayıb. Lakin ilkin nəticələr gözlənildiyi kimi olmayıb.

Bu təcrübə “Trubar” üçün vacib dərs olub: bir bazarda uğur qazanan məhsul başqa bazarda eyni nəticəni verməyə bilər. İstehlakçıların brendi tanıması, qiymət və satış strategiyası biznesin nəticələrinə birbaşa təsir göstərir. Sonradan ABŞ bazarında “Kostko” ilə əməkdaşlıq daha uğurlu nəticələr verib.

32 min satış nöqtəsinə necə çatdı?

“Trubar”ın inkişafı kiçik mağazalardakı sınaq satışlarından böyük pərakəndə şəbəkələrə qədər uzanan mərhələli proses olub.

Entrepreneur nəşrinin məlumatına görə, şirkətin məhsulları ABŞ-da təxminən 32 min satış nöqtəsində təqdim edilir. Trubar-ın 2025-ci ildə təxminən 100 milyon dollar gəlir əldə etməsi də biznesin miqyasını göstərir.

Şirkətin böyüməsində bir neçə amil rol oynayıb: istehlakçıların tələbatına uyğun məhsul hazırlamaq, satış kanallarını genişləndirmək və pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq etmək.

Bununla yanaşı, şirkətin inkişafı problemsiz keçməyib. Borc yükü, bazara daxil olmaq çətinlikləri və gündəlik əməliyyat məsələləri sahibkardan çevik qərarlar verməyi tələb edib. Qroussman məhsulun istehsalı və təchizatı ilə bağlı məsələlərdə də fəal iştirak edib. Bu, biznesin böyüməsi zamanı sahibkarın proseslər üzərində nəzarətinin vacibliyini göstərir.

173 milyon dollarlıq satış

2026-cı ilin fevralında Türkiyənin qida istehsalçısı “ETi Gıda” “Trubar”ı 173 milyon dollara satın alıb.

Bu razılaşma Qroussmanın qurduğu biznes üçün yeni mərhələnin başlanğıcı olub. Şirkətin daha böyük istehsal və paylama imkanlarından istifadə etməsi, yeni bazarlara çıxması üçün imkanlar yaranıb.

Satışın diqqətçəkən tərəfi budur ki, Qroussman şirkətin gündəlik fəaliyyətindən tamamilə uzaqlaşmayıb. Razılaşmaya əsasən, o, rəhbər vəzifəsində fəaliyyətini davam etdirir.

Beləliklə, şirkətin satılması onun inkişafının sonu deyil, daha böyük biznes strukturunun bir hissəsinə çevrilməsi üçün imkan yaradıb.