Ötən həftə Rusiyada “Sberbank”ın beş min kredit kartının məlumatları şəbəkəyə sızıb.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının bildirdiyinə görə, təkcə ilk altı ayda şəbəkədə müxtəlif məlumat bazalarını almaq və satmaq təklifləri ehtiva edən 13 min paylaşım aşkar edilib. Bunların 12%-i maliyyə-kredit təşkilatlarının məlumat bazalarına aid idi.
Oktyabrın 3-də “Kommersant” qəzeti ixtisaslaşmış bir forumda “böyük bir bankın təzə məlumat bazası” nın satışına dair bir elanın peyda olduğunu bildirdi. Söhbət “Sberbank”ın müştərilərindən gedirdi. Satıcılar iddia edirdilər ki, 60 milyon kredit kartının məlumatlarına sahibdirlər — aktiv və aktiv olmayan. Bank əvvəlcə 200 müştərinin kredit kartı məlumatlarının sızdığını təsdiqlədi. Daxili araşdırma apardıqdan sonra isə Ural bankı olan “Sberbank” 5 min kredit kartı hesabının məlumatlarının sızdığını qeyd etdi. Kartlar yenidən emissiya edildi və bankdan bildirdilər ki, müştəri vəsaitləri üçün artıq heç bir təhlükə yoxdur.
Dmitri Peskov—Rusiya prezidentinin rəqəmsal və texnoloji inkişaf məsələləri üzrə xüsusi nümayəndəsi belə hallara hazır olmağa və “informasiya gigiyenası”na əməl etməyə səslədi.
Həmçinin oxu: Ən rahat banklar SEÇİLDİ
Məlumatlarınızın şəbəkəyə sızdığından şübhələnirsinizsə, nə etməli? Forbes məlumat sızmalarına qarşı özünü müdafiə etmək üçün kiçik bir təlimat hazırlayıb.
Əgər şübhə yaranıbsa,
“Kart məlumatlarınızın şəbəkəyə sızdığından şübhələnirsinizsə, kartın yenidən emissiya edilməsi daha yaxşıdır”
Bunu Forbes “İnfosecurity” şirkətinin kommersiya direktoru Aleksandr Dvoryanski deyib. Banklar bir qayda olaraq genişmiqyaslı sızma hallarında kartların yenidən emissiyası barədə qərar qəbul edir. Group-IB tövsiyə edir ki, mobil bankçılıqda bütün cihazlardakı parollarınızı dəyişdirəsiniz.
Bank SMS-lərinə oxşayan qəribə ismarıclar almısınızsa, narahat olmağa dəyər. Məsələn, “siz indi 500 rubl köçürdünüz, əməliyyatı təsdiqləyin” mesajı, əməliyyatdan imtina, sim-kartın bloka düşməsi və ya emissiyası barədə SMS. Bu kimi hallar sizin bank hesabınıza girmək cəhdi ola bilər. Belə hadisələrə operativ reaksiya vermək çox əhəmiyyətlidir. Çünki müştərinin banka müraciət etməyə 24 saat vaxtı olur. “Kasperski laboratoriyası”nın antivirus eksperti Dmitri Qalov tövsiyə edir.
Sıravi istifadəçi, çətin ki, məlumatların şəbəkəyə sızıb-sızmadığını dəqiq müəyyən edə bilsin. Qalov deyir ki, sızma faktı haqqında informasiyanın özü çox vaxt ictimailəşdirilmir. Məlum olsa belə bu cür məlumat bazasını yükləmək və onda öz adını axtarmaq olmaz. Bu, hesabın ələ keçirilməsinə gətirib çıxara bilər. Dmitri Qalov məsləhət görür ki, müştəri sızma predmetinə qarşı öz uçot məlumatlarını yoxlamalıdır. Məsələn, https://haveibeenpwned.com saytında.
Həmçinin oxu: Müştəri xidmətinin yüksək səviyyədə olması üçün 7 qızıl qayda
Əgər pullar oğurlanıbsa,
Qalov deyir ki, bankların təhlükəsizlik xidmətləri öz müştərilərinin məlumatlarını qorumaq üçün onlara şübhəli görünən əməliyyat zamanı adətən kartı və ya onlayn banka girişi blok edirlər. Əgər kartınızdan pul oğurlanıbsa, artıq polisə və banka müraciət etməlisiniz. Dvoryanski qeyd edir ki, əgər hadisə bankın səhvinə görə baş veribsə, 30 gün ərzində bank müştərinin oğurlanmış vəsaitini təmin etməlidir.
Əgər fırıldaqçılara məlumatlarınızı özünüz bildirmisinizsə, bank kartınızın üzərindəki və ya rəsmi saytda göstərilən nömrə vasitəsilə bankla əlaqə saxlayın. Group-IB mətbuat xidməti qeyd edir ki, fırıldaqçıların zəng etdiyi nömrə də banka bildirilməlidir. Daha sonra bank özü sizin hesabınızı blok etmək, kartın yenidən emissiyası və fırıldaqçının nömrəsinin blok edilməsi kimi ölçülər götürəcəkdir.
Özünü gələcək üçün necə sığortalamaq olar
Dvoryanski bildirir ki, kartın CVV və nömrəsini, kod sözləri kimi məlumatları heçkimə verməmək lazımdır. Pin kod və s. bu tip məlumatların soruşulması göstərir ki, sizə zəng edən bank işçisi deyil. Çünki bankın işçiləri sizin kartınız haqqında kifayət qədər dolğun informasiyaya malikdirlər.
İnternetdə hansı bankın müştərisi olduğunuz, hansı xidmətlərdən istifadə etdiyiniz barədə şəxsi məlumatları mümkün qədər az qoymaq lazımdır. Sosial şəbəkələrdə qətiyyən sənədlərin və bank kartlarının şəkillərini və skanlarını qoymaq olmaz. Mobil nömrənizi dəyişirsinizsə, bunu banka xəbər verin. Çünki sizin köhnə məlumatlarınızın sim kartın yeni sahibinin əlinə keçmək riski var. Bundan əlavə, fırıldaqçılar sizin sim kartınızı yeniləyib, sizin internet-bankinqinizi ona bağlaya bilməməsi üçün gərək mobil operatorunuza ərizə yazasınız ki, sizin iştirakınız olmadan və ya etibarnamə ilə heç kəs sim kartınızı dəyişdirə bilməsin.
Smartfon və ya kompüterinizin bank troyanlarına yoluxmasını istəmirsinizsə, şübhəli saytlara girməyin. Etibarsız mənbələrdən bank tətbiqləri yükləməyin — ancaq App Store və Google Play proqramlarında bankın rəsmi tətbiqini yükləyin. Bütün cihazlarınız və mənbələr üçün güclü parollardan istifadə edin və ilin hər rübündə yeniləyin. Onlayn alış-veriş üçün ayrıca bank kartı alın. Kart məlumatlarınızı şübhəli mənbələrdə qoymayın.
Nigar Umaxanlı, Banco.az