Dünya Bankının 148 ölkədə yoxsulluqla bağlı apardığı araşdırmanın nəticəsini açıqladığı hesabatına əsasən, dünya əhalisinin 10% - dən az hissəsi ifrat yoxsulluq həddində yaşayır. Bu göstərici 2013 – cü ildə 11% idi. Lakin yoxsulluq dərəcəsi ölkələr və qitələr üzrə bərabər paylanmamışdır. Bugünkü məqaləmizdə qitələr üzrə yoxsulluq nisbətini və dünya üzrə ən yoxsul ölkələri sizlərə təqdim edirik.
Həmçinin oxu: Dünya iqtisadiyyatında hansı ölkə ağalıq edir?
Yoxsulluq dərəcəsi aşağı olan ölkələr tünd və açıq yaşıl, yuxarı olan ölkələr isə tünd çəhrayı rənglə göstərilmişdir.
Yuxarıdakı xəritədə, Amerikadan Argentinaya, Rusiyadan Avstraliyaya qədər tünd və açıq yaşıl rənglə göstərilmiş inkişaf etmiş ölkələrdə minimum həyat standartları ilə yaşayan çox az insan var. Səudiyyə Ərəbistanı, Əfqanıstan, Polşa və Qrenlandiya kimi ölkələrlə bağlı məlumatlarda isə bəzi boşluqlar mövcuddur. Lakin bu ölkələrin heç biri regionun ümumi mənzərəsini dəyişə bilmir, belə ki inkişaf etmiş ölkələrdə yoxsul insanların sayı digərlərinə nisbətən çox azdır.
Hər kəsə aydındır ki, ifrat yoxsulluq həddində yaşayan əksər insanlar Afrika qitəsinin sakinləridir. Bu qitədə təkcə beş ölkənin 5% - dən az əhalisi ifrat yoxsulluq həddində yaşayır, digər ölkələrdə isə bu göstərici 25% - dən artıqdır. Aralıq dənizi boyunca şimala doğru getdikcə Avropaya yaxın və Afrikanın mərkəzindən uzaq açıq yaşıl rənglə göstərilmiş ölkələrdə isə vəziyyət qənaətbəxşdir. Konqo Demokratik Respublikası (77.1%) və Madaqaskar (77.6 %) qlobal ifrat yoxsulluğun episentri hesab edilir. Bu iki ölkə planetin ən kasıb ölkələridir ki, bu ölkələrdə insanların əksəriyyəti bir günə 2 dollardan az bir məbləğlə yaşamağa çalışırlar.
Yoxsulluq nisbətinin Asiya qitəsi qədər qeyri-bərabər paylandığı başqa bir yer yoxdur. Bu qitədə yerləşən iki ölkə isə xüsusi nəzərdən keçirilməlidir ki, bunlar da Çin (0.7%) və Hindistandır (21.2%). Çin avtoritarizm və tək partiyalı hakimiyyət forması ilə idarə olunmağa davam edir. Bunun əksinə, Hindistan isə demokratik respublikadır. Bu iki ölkənin iqtisadiyyatının da 2050 – ci ilə qədər ABŞ iqtisadiyyatını üstələyəcəyi proqnozlaşdırılır. Prezident Donald Tramp ilə olan ticarət müharibələrinin bu dinamikanı necə dəyişəcəyini yaxın zamanlarda müşahidə edəcəyik.
Həmçinin oxu: Ticarət Müharibəsinin qalibi hansı VALYUTA olacaq
Cənubi Amerika da həmçinin fərqli yoxsulluq mənzərələrinin yaşandığı yerlərdəndir. Xatırladaq ki, Dünya Bankının son hesabatı 2015 – ci il, hətta bəzi ölkələr üçün isə 2011 – ci il üzrə göstərilmişdir. Bunu qeyd etməyimizdə məqsəd odur ki, Venesuelada vəziyyət son bir neçə il ərzində 2 milyon insanın ölkəni tərk etməsi və inflyasiya səviyyəsinin 200,000% - ə çatması ilə sürətlə pisləşdi. Surinam (23.4%) və Honduras (16.0%) ən yoxsul ölkələrdir. Həmçinin bildirək ki, Meksikadan keçərək ABŞ – a miqrasiya edən insanların əksəriyyəti Hondurasın əhalisidir.
Okeaniya bölgəsinin ən yoxsul ölkəsi Papua-Yeni Qvineya (38.0%) və Şərqi Timordur (30.3%) . Avropa qitəsində isə təkcə bir ölkə, Rumıniyanın 5% - dən çox əhalisi ifrat yoxsulluq həddində yaşayır. Ümumilikdə isə bu qitə qlobal iqtisadiyyatın qalibidir.
Tamara Mustafayeva, Banco.az