Tamara Mustafayeva, Banco.az
Klassik musiqiyə qulaq asmağın faydalı olduğunu çox güman ki, əksəriyyətimiz bilirik. Bəs doğrudan da musiqinin bu növünü dinləmək bizim üçün faydalıdırmı? Əgər elmi araşdırmalara nəzər salsaq, bu sualın cavabını rahatlıqla tapa bilərik. Araşdırmalara görə, klassik musiqiyə qulaq asmağın bir çox fiziki və zehni faydaları vardır.
Günümüzdə digər musiqi janrlarına nəzərən klassik musiqiyə daha az üstünlük verildiyi düşünülürsə də, incəsənətin bu növünün həyatımızda məxsusi rolu vardır. Əslində bir müddət dinlədikdən sonra yavaş-yavaş notların ahənginə qapıldığınızı və klassik musiqinin artıq sizin üçün əvəzedilməz olduğunu görürsünüz.
Odur ki, bugünkü məqaləmizdə bu musiqi növünün faydalarını 5 maddədə göstərmişik.
1. Qan təzyiqini aşağı salır.
Oksford Universitetində bir qrup insanın iştirakı ilə eksperiment həyata keçirilir və onlara pop, rep, texno kimi fərqli janrlarda musiqilər və klassik musiqi dinlədilir və bu araşdırmanın nəticəsinə görə, digər musiqi janrları əsasən qan təzyiqini artırarkən klassik musiqi isə azaldır.
Əgər ürək sağlamlığınıza fikir verirsinizsə, daha çox klassik musiqiyə qulaq asın və damarlarınızdakı qanın daha rahat dövr etdiyini hiss edin.
2. Stressi azaldır və depressiya ilə mübarizəyə kömək edir.
Axşam evə gəldiyiniz zaman özünüzü olduqca stressli hiss edirsiniz? Dərhal xoşladığınız klassik musiqi əsərini açın və qulaq asın. Aparılan bir araşdırmaya görə, hamiləlik dövründə klassik musiqi dinləyən qadınların bu müddəti daha az stresslə keçirdikləri müşahidə edilib.
Klassik musiqi ilə ürək döyüntülərimizin oxşar ritmdə olması narahatlıq və depressiya kimi vəziyyətlərdən xilas olmağı asanlaşdırdığı da elm adamları tərəfindən qeyd edilir.
3. Yaddaşı gücləndirir.
Yaddaşı gücləndirməyin onlarla üsulundan biri də Motsarta qulaq asmaqdır. Aparılan bir araşdırmada Motsartın bəstələrinə qulaq asan insanlarda yaddaşla əlaqədar olan beyin dalğalarında artım müşahidə edildiyi aşkarlanmışdır.
4. Yuxu rejimini yaxşılaşdırır.
Yuxu rejiminin pozulması günümüzün ən geniş yayılmış problemlərindən biridir. Bu problemdən əziyyət çəkənlərə isə çox sadə bir həll yolu təklif edirik, klassik musiqi dinləmək. Aparılan bir araşdırmaya görə, yatmazdan 45 dəqiqə əvvəl klassik musiqiyə qulaq asmaq yuxu rejimini olduqca yaxşılaşdırır.
5. Məhsuldarlığı artırır.
Bir çoxlarımız bəzən məhsuldar işləməklə bağlı problemlər yaşayırıq. Xüsusilə də həftənin ilk iş günləri bu problemlə daha çox qarşılaşırıq. Klassik musiqi dinləmək bu problemi aradan qaldırmaqda müəyyən qədər kömək edəcəkdir. Belə ki, Merilend Universitetində aparılan bir araşdırma sayəsində oxu zalında ifa olunan klassik musiqinin radioloqların məhsuldarlığını artırdığı aşkarlanmışdır.
Klassik musiqinin faydalarını araşdırarkən bəzi klassik musiqi nümunələrini də sizinlə bölüşürük:
- İohann Sebastyan Bax (Johann Sebastian Bach) – Air on the G String
- Lüdviq van Bethoven (Ludwig van Beethoven) – Sonata No. 14 “Moonlight” – First movement
- Frederik Şopen (Frederic Chopin) – Berceuse in D flat opus 57
- Klod Debüssi (Claude Debussy) – Claire de Lune
- Qustav Maler (Gustav Mahler) – Symphony No. 5 – Adagietto
- Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart) – Piano Concerto in C major K 467 – Second movement
- Bela Bartok (Bela Bartok) – Piano Concerto No. 3 – Second movement
Bizi sosial şəbəkələrdən izləyin!!