İnsanların internet vasitəsilə məhsul və xidmət satın alma formaları illər ərzində əsaslı şəkildə dəyişdi və bu gün müştərilər hər zaman olduğundan daha çox imkana sahibdirlər. E-ticarət üzrə texnologiya şirkəti olan “BigCommerce” istifadəçilərin onlayn alış-veriş edərkən nələrə əhəmiyyət verdikləri ilə bağlı fikir sahibi olmaq üçün bir çox e-ticarət saytını təhlil etdi. “BigCommerce” – in həyata keçirdiyi təhlil nəticəsində əldə etdiyi məlumatlar onlayn e-ticarət mağazalarını əsas götürsə də, burada bütün biznes sahələri üçün dərs olacaq nümunələr mövcuddur.
“BigCommerce” – in “Hər hansı bir alış-veriş qərarına nə təsir göstərir” başlıqlı yayımladığı cədvələ əsasən müştərilərin satın alma qərarına təsir göstərən ən mühüm 10 amil aşağıdakı kimi sıralanır:
- Məhsulun keyfiyyəti – 56%
- Pulsuz çatdırılma – 49%
- Məhsulun asanlıqla geri qaytarılması – 35%
- Müştəri rəyləri – 33%
- Vizual axtarış – 30%
- Mükəmməl naviqasiya – 26%
- Rahat kassa – 24%
- Çeşid müxtəlifliyi – 24%
- Məxsusi ölçü – 12%
- Yeni məhsul – 10%
Eyni zamanda 1995 – ci ildə 70% olan mağazanın daxilində qərar vermə göstəricisi 2012 – ci ildə 76% - ə yüksəldi.
İnternet alış-verişə necə təsir göstərir?
“BigCommerce” – in hazırladığı qrafikə görə alış-veriş edən insanların 62% - i hər hansı bir məhsulu onlayn olaraq satın almamışdan əvvəl mağazadakı çox bahalı məhsulları araşdırır. Həmçinin 10 istifadəçidən 9 – u satın alma ehtimalı olan texnoloji məhsullarla bağlı videoları izlədiyini bildirirlər. Bu baxımdan ağıllı telefonlar vasitəsilə ən çox satılan məhsullar aşağıdakı kimidir:
- Elektronik – 64%
- Market alış-verişi – 57%
- Geyim əşyaları – 54%
Aparılan araşdırmaya görə alış-veriş edən insanların 54% - i ağıllı telefon sahibləridir. Bu insanların 76% - i öz ağıllı telefonlarından əsasən alış-veriş edərkən istifadə edirlər. İstifadəçilərin yarısı alış-veriş zamanı qiymətləri, promosiyaları, məhsul qiymətləndirmələrini və məhsulla bağlı məlumatları yoxlamaq üçün ağıllı telefonlarından istifadə edirlər.
Sosial media alış-verişə necə təsir göstərir?
Araşdırmaya görə istifadəçilərin 81% - i dostlarının etdikləri paylaşımların satın alma qərarlarına birbaşa olaraq təsir göstərdiyini bildirirlər. Bununla yanaşı istifadəçilərin 30% - isə markaların paylaşımlarının dostları tərəfindən yenidən paylaşılması halında onların diqqətini daha çox çəkdiyini söyləyirlər. Həmçinin ana olan qadınların 38% - nin “Facebook” – da bəyəndikləri markalardan alış-veriş etmə ehtimalının digər qadınlara görə daha yüksək olduğu qeyd edilir.
Bununla yanaşı insanların 44% - nin tərkibində şəkillərin olduğu paylaşımlara, 37% - nin isə videoların olduğu paylaşımlara diqqət yetirdiyi görülür.
Tamara Mustafayeva, banco.az