Görünən və görünməyən iqtisadi təsirlər | Banco.az

Görünən və görünməyən iqtisadi təsirlər

Evdə iqtisadiyyata aid kitabları yerbəyer edərkən, Fransız iqtisadçısı Frédéric Bastiat’ın 1848-ci il əsəri olan “Görünən və görünməyən”  adlı kitabını tapdım. Bastiat, yazının əvvəlində qeyd edir:

Hər hansı bir iqtisadi hadisənin tək təsiri yoxdur, bir neçə təsirləri vardır.İlk təsiri hamı görə bilər, lakin görünməyən təsirlər də vardır ki, bunlar zamanla özünü göstərər. Əgər, olacaq ilk iqtisadi təsir, yaxşı bir nəticəyə gətirib çıxarmışdırsa, neqativ iqtisadçılar, daha sonra baş verə biləcək böyük zərərləri araşdırıb, bu kiçik təsirin arxasınca gedərlər. Pozitiv iqtisadçılar isə, görünməyən təsirləri də anlamağa çalışar, yəni qısa müddətli faydalar deyil, uzun müddətli faydalar əldə etmək üçün səy göstərər.

Uzun sözün qısası,  Bastiatın fikrinə görə, iqtisadiyyat qarmaqarışıq bir sistemdir.  Ona görə də, ilk baxışda görə bilmədiyiniz bir neçə təsir mexanizması ola biləcəyini unutmayın.

Əks təsir iqtisadiyyatda canlanmaya bərabərdir?

Bastiat, yuxarıdaki fikri belə bir misalla izah edir: “Məhlədə futbol oynayan uşaqlar, oyun zamanı  həmin məhlədə yerləşən marketin pəncərəsinin şüşəsini qırırlar. İlk ağıla gələn fikir bu olacaq ki, market müdürü qırılmış pəncərə şüşəsini təmir etdirmək üçün şüşə ustasına pul ödəyəcək. Yəni, ustanın gəliri artacaq, nəticədə usta qazandığı gəliri başqa bir məhsul almaq üçün sərf edəcək, bəlkədə, əldə etdiyi pulla öz işini böyüdəcək”. Yəni, marketin pəncərə şüşəsinin qırılması iqtisadiyyatda canlanmaya gətirib çıxardı. Əgər, pəncərə şüşəsinin qırılması iqtisadiyyatda canlanmaya səbəb olursa, onda məktəb müdirləri, həmin məktəbin həyətində oynanılan futbol zamanı pəncərə şüşəsinin qırılmasına əsəbləşməməli, əksinə sevinməlidir.

Amma vəziyyət düşündüyümüzdən fərqlidir. Bastiat qeyd edir ki, əgər yuxarıdakı misalda marketin pəncərəsinin şüşəsi qırılmasaydı, şüşəni təmir etdirmək üçün xərclədiyi pulla başqa bir məhsul alacaqdı. Bəlkədə, həmin marketdəki işçilərin əmək haqqlarını artıracaqdı, ya da market müdiri həmin pulla evindəki balaca yaşlı qızına iki cüt ayaqqabı alacaqdı. Halbuki, bunları etmək əvəzinə, əlindəki vəsaiti şüşəni təmir etdirmək üçün xərclədi. Yəni, şüşə ustasının gəliri artsa da, market işçiləri və ya ayaqqabı satan əldə edə biləcəyi gəlir imkanını itirmiş oldu. Çünki, şüşə ustasının gəlirinin artması iqtisadiyyatda qısa bir canlanmaya səbəb oldusa,  digər sahələrdə iqtisadi durğunluğa gətirib çıxardı. Bəlkə də, market müdiri ayaqqabı alsaydı, şüşə ustasının iqtisadiyyata göstərə biləcəyi qatqıdan daha çoxunu göstərə bilərdi. Deməli, belə başa düşünmək olar ki, pəncərə şüşəsinin qırılması iqtisadiyyata həm yaxşı, həm də pis təsir göstərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Faizləri endirək iqtisadiyyatı canlandıraq.

Yuxarıdaki ifadə, “şüşələri endirək, iqtisadiyyatı canlandıraq” ifadəsinə bənzəyir.  Əgər, Bastiatın fikrinə qulaq asıb, faizləri endirsək, iqtisadiyyatda hansı görünməyən təsirlər mövcud olacaqdır?

Şüşənin qırılmasının hər hansı bir iqtisadi təsiri varsa, aşağı faiz dərəcələri də iqtisadiyyatda canlanmaya gətirib çıxarır. Məsələn, aşağı faiz dərəcəsi verilən kreditlərin miqdarını artırar, ölkə daxili sərmayələrə müsbət təsir göstərər.

Amma, bu canlanma, görünən təsirlərdən biridir. Görünməyən təsirlərə gəldikdə isə, aşağı faiz dərəcəsi qiymətlərə təsir edər, inflyasiyaya gətirib çıxardar.  İnflyasiya isə, iqtisadi inkişafın qarşısını alar.

Məsələni belə ummiləşdirsək, iqtisadiyyatda görünməz əl kimi, görünməz təsirlər də mövcuddur. Sadəcə hər şey, məsələyə baxış tərzimizdən asılıdır. İqtisadiyyatda yaxşı deyək, yaxşı olsun prinsipi yoxdur. Domino effektindəki kimi, bir daşın yerindən oynaması bütün daşların yerindən oynaması deməkdir. Ona görə, 1800-cü illərdə yaşamış biri olan Bastiat bütün bunları nəzərə alaraq, “digər təsirləri nəzərə aldınızmı?”  fikrini irəli sürmüşdür.

Xəzər Aslanov