"NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır" | Banco.az

"NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır"

NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.

Bu barədə "K Group" MMC ("BakıKart"), "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-nin birgə açıqlamasında bildirilir.

"Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.

Hazırda müşahidə olunan "ardıcıl vəsait çıxılması" halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.

Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.

Sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.

Layihənin operatoru "BakıKart"dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə "BakıKart"a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq", - deyə açıqlamada qeyd olunub.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram