Rafiq Hunaltay: "Rəqəmsal marketinqdə yüz ölçüb, bir biçməliyik” | Banco.az

Rafiq Hunaltay: "Rəqəmsal marketinqdə yüz ölçüb, bir biçməliyik”

Sevindiri haldır ki, son günlərdə paytaxtımızda keçirilən və əsas müzakirə mövsuzu marketinq alətlərinin təkmilləşdirilməsi olan tədbirlərin sayı artır. 2017-ci il, Noyabrın 11-də isə üçüncü Rəqəmsal Marketinq Konfrası baş tutacaq. Media partnyoru olduğumuz bu konfransın özəllikləri ilə bağlı təşkilatçı komandanı təmsil edən Rafiq Hunaltaydan müsahibə aldıq. Rafiq bəy builki tədbirin nəyə görə digərlərindən fərqli olması ilə bağlı suallarımızı cavablandırdı: 

  • Nəyə görə “yüz  ölç, bir biç”  prinipi bu dəfə konfransın əsas şüarıdır?

Bilirik ki, rəqəmsal marketinq alətləri ölçülə bilinməsi ilə seçilir. Xüsusən də böhran dövründə şirkətlər xərclərində çox diqqətli olurlar. Belə bir şəraitdə bütün məcralarda olduğu kimi elə rəqəmsal marketinq alətlərindən istifadə edərkən də “yüz ölçüb bir biçməliyik”. Şüarı da bu səbəbdən belə seçdik.

  • Rəqəmsal Marketinq konfransının (DMC2017) ölkədəyüz  keçirilən digər yerli konfranslardan və marketinq tədbirlərindən format olaraq əsas fərqi nədir?

Bizim məqsədimiz ölkəmizdə marketinq və onun müxtəlif sahələrinə diqqəti artırmaq, uğurlu yerli keysləri paylaşmaq, şirkət və menecerlərimizin bu tədbirin də köməkliyi ilə bilik və bacarıqlarını artırmasına nail olmaqdır. Əlavə olaraq bizim keçirdiyimiz tədbirlər şirkətlərarası və menecerlər arasında networkingi çox ciddi stimullaşdırır. Tədbirin formatı, hazırlıq prosesi, işlərin sistemliliyi, professional komandamızın olması ilə seçilirik deyə bilərəm. Bizim bütün tədbirlərimizdə iştirak ödənişlidir və yerlərin hamısı demək olar ki, dolur. Onu da deyim ki, bu səpkidə keçirilən bütün tədbirləri dəstəkləyirik. Çünki forma və icrasından asılı olmayaraq məqsədimiz eynidir.

  • Auditoriyada spiekerlərlə bağlı müəyyən neqativ fikirlərə rast gəlirik. Maraqlıdır, spikerləri hansı meyarlar əsasında seçirsiniz? Seçim zamanı marketinq ya dijital sahədəki təcrübəyə daha çox üstünlük verilir?

Əvvəla onu deyim ki, heç bir halda bütün auditoriyanı spiker seçimlərimizdən razı salmaq kimi niyyətimiz yoxdur. Çünki bu həm də mümkün deyil. Təbii ki, subyektivliyə də yer verilir. Əsasən spikerlərin bu sahədəki təcrübələri, uğurlu keysi təqdim etmələri, auditoriyaya nəzəri və eləcə də praktiki fayda verə bilməsini əsas götürürük. Seçimlərimizdə səhv etdiyimiz hallar da olur. Bunu da sonradan gələn irad və təklifləri qiymətləndirib aradan qaldırmağa çalışırıq.

  • Daha öncəki DMC-dən əsas fərqi nə olacaq, hansı yeniliklər gözlənilir?

Fikir vermisinizsə, hər DMC bir öncəkindən keyfiyyət baxımından ciddi fərqlənir. Bu il rəqəmsal alətlərdən istifadə edib qeydiyyat və bir çox administrative işləri 20% azalda bilmişik. İstəyirik ki, daha çox dinləmək, daha çox networkinqə vaxt qalsın. Biletlərin hamısı unikaldır, iştirakçıların tədbir günü qeydiyyatdan keçməsi üçün bir neçə saniyə lazım gələcək. Məkanda vizualizasiya elementlərinə də ciddi fikir vermişik. Spikerlərimizlə də təbii ki, fərqlənirik. Bu ilki spikerlərdən daha yaxşı performans gözləyirik və buna inanırıq.

Ən sərfəli kredit üçün müraciət et

  •  DMC ideyası yaranan zaman benchmark olaraq hansısa bir beynəlxalq tədbiri (event) seçmisinizmi? Yəni çatmaq istədiyiniz keyfiyyət hədəfi hansıdır?

DMC ideyası 3 il bundan öncə yaranıb. O zaman bu ideyanı reallaşdırmaq üçün gücü təbii ki, Milli Marketinq Forumundan almışdıq. Ümumən isə facemark.az olaraq dünyada keçirilən 20-dən çox bu tip forum və konfransların media partnyoruyuq, özümüz hər il iştirak edirik. Mən əminəm ki, çox qısa müddətdə biz də Cannes Lions kimi, Uludağ Ekonomi Zirvesi, BrandWeek keyfiyyətində tədbirlər keçirə biləcəyik. Buna doğru sürətlə getdiyimizi düşünürəm.

  • Bir konfransın uğurla yekunlaşmasının əsas meyarı nədir, yəni hansı halda konfransı uğurlu adlandırmaq olar?

Birmənalı şəkildə konfrans günü və konfransdan sonra iştirak edən auditoriyanın rəyləri sayəsində nəticəni biləcəyik. Bunun üçün Qmeter şirkəti ilə əməkdaşlıq edirik. Onlar sistemləri sayəsində biz həm konfrans vaxtı hər spikerin ayrıca çıxışını auditoriyanın qiymətləndirməsinə, həm də konfransdan sonra ümumi gedişatı qiymətləndirməyə nail olacağıq.

  • Nəyə görə insanlar 30 manatından keçib bu tədbirə gəlməlidir və kimlər gəlməlidir? Yəni əsas hədəf auditoriyanız kimlərdir? 

Hədəf auditoriyamız əsasən yerli və xarici şirkətlərdə çalışan, daha çox praktik keysləri dinləmək istəyən, bütöv gün ərzində 300-dən çox şirkətin 500-dək meneceri və sahibkarı ilə eyni ab-havanı bölüşən, 15-dən çox spikerlə ünsiyyət imkanı qazanıb sonda bu işə gülməli sayıla biləcək 30 manat ödəyə bilən şəxslərdir.  

  • Son zamanlar marketinq sahəsi ilə bağlı tədbirlər (görüşlər) çoxalıb, bir tərəfədən bu sevindirici haldır, amma digər tərəfdən sizcə marketinq sahəsində danışan insanların sayı iş görənlərdən daha çox deyilmi?

Bu fikirlə qətiyyən razı deyiləm. Bəzən biz unuduruq ki, yaxşı və pisi ayırd etmək üçün hələ gediləsi uzun bir yolumuz var. Başqa vaxt kimsə çıxsın danışsın, maarifçilik, təbliğat və s. kimi pafoslu çıxışlar edirik. Amma kimsə çıxıb bunu edəndə əksərən qısqanclıqla yanaşırıq. Mən düşünürəm ki, bu sahədə çıxışlar da çox olmalıdır və bundan qorxmaq lazım deyil.

Yaxşı və ya pisi zaman özü ayırd edəcək. Bazar özü tənzimləyəcək. Əgər kimsə bir iş görür və onu təbliğ edərkən özünə tamaşaçı toplaya bilirsə, nəticəyə baxmaq lazımdır. Uğursuz olanı tamaşaçı özü cəzalandırır. Bunun təəssübünü isə bizim bazarda o işi görənlərin rəqibləri çəkir nəyəsə görə 

Ümumən isə deyə bilərəm ki, digital marketinq sahəsində iş görən, nəsə edən və etmək istəyən hər kəsə dəstək olmaq lazımdır. Dəstək olmaq əlindən gələn köməkliyi edə bilməkdir, görülən zəhmətə qiymət verməkdir, tənqidlə təhqiri ayırd edə bilmək və tənqidlərdə yaradıcı olmaqdır, nəinki yıxıcı. Bunu bacaran hər kəsə uğurlar arzu edirəm.

Könül Soltanova, Banco.az