“Azərbaycan Kredit Bankı” kreditorlarına 90 gün vaxt verib | Banco.az

“Azərbaycan Kredit Bankı” kreditorlarına 90 gün vaxt verib

 “Azərbaycan Kredit Bankı” ASC ləğv edilməsi ilə bağlı kreditorlarına müraciət edib. Banco.az "Report"a istinadən xəbər verir ki, müraciətdə kreditorların 90 gün ərzində tələblərini təmin etdirmək üçün müraciət edə biləcəkləri açıqlanır.

"Kreditorların nəzərinə çatdırılır ki, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə “Xalq qəzeti”nin 8 avqust 2015-ci il tarixli sayında, “Şərq” qəzetinin 8 avqust 2015-ci il tarixli sayında və “Vergilər” qəzetinin 19 avqust 2015-ci il tarixli sayında məlumat dərc edilib. Tələblərin təmin edilməsi məqsədilə kreditorların məcburi ləğv olunan “Azərbaycan Kredit Bankı” ASC-yə müraciəti üçün verilən müddət bankın ləğv edilməsi haqqında məlumatın ilk dəfə dərc edildiyi gündən etibarən 90 gün müəyyən edilib. Kreditorların tələblərinin irəli sürülməsi müddəti 8 noyabr 2015-ci il tarixdə başa çatır", - deyə müraciətdə bildirilib.

Məlumata görə, ləğvedici tərəfindən kreditorların tələblərinin ödənilməsi, onların maraqlarını təmin etmək məqsədilə kreditorların tələblərinin reyestri tərtib olunub.

Kreditorların tələblərinin reyestrində hər bir kreditor barədə onun pul öhdəliyi və ya məcburi ödənişləri üzrə tələblərin məbləği, hər bir tələbin ödənilməsinin növbəliliyi barədə məlumatlar göstərilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvedici tərəfindən aralıq balans tərtib edilib 10 gün müddətində təsdiq üçün məhkəməyə təqdim edilməlidir.

Nəzərə alınmalıdır ki, kreditorların tələblərinin reyestrinə hesabatlarda əks olunmuş, habelə müraciət olunarkən mübahisəsiz tələblər daxil edilir. Ləğv edilən banka qarşı məhkəmənin qanuni qüvvəyə minmiş qərarları üzrə icra sənədləri kreditorların təsdiq edilmiş tələbləri hesab edilir və uçota alınır. Kreditorların tələblərinə baxılması üçün “Azərbaycan Kredit Bankı” ASC-nin kreditorları tələblərinin təmin edilməsi məqsədilə ləğvediciyə ərizə ilə müraciət etməlidirlər. Ərizəyə tələbləri təsdiq edən sənədlər əlavə olunmalıdır. Ərizədə kreditorun tam adı və poçt rekvizitləri göstərilməlidir. Ləğvedici tərəfindən ərizəyə onun daxil olduğu 15 gün ərzində baxılacaq və tələbin qanuniliyi və əsaslı olması yoxlanılacaq. Ərizəyə müvafiq sənədlər qoşulmadıqda ləğvedici kreditordan həmin sənədlərin 5 iş günü müddətində təqdim edilməsini tələb edə bilər. Bu müddət ərzində sənədlər müxtəlif səbəblərdən təqdim olunmadıqda, yəni itirildikdə, oğurlandıqda və ya digər səbəblərdən məhv edildikdə, ləğvedici bankda olan məlumatlara əsaslanaraq ərizəyə baxacaq. Kreditorların ərizələrinə baxıldıqdan sonra nəticəsi barədə ləğvedici tərəfindən onlara yazılı məlumat veriləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda ərizədəki tələb tam və ya qismən təsdiq olunduqda, təsdiq olunmuş məbləğ və onun ödəniləcəyi tartix göstəriləcəyi deyilir: "Ərizəçinin tələbinə tam və ya qismən etiraz edildikdə isə etiraz etmənin səbəbləri göstəriləcəkdir. Kreditorun tələbinə etiraz edildikdə ərizəyə qoşulmuş sənədlər ərizəçiyə qaytarılacaqdır. Kreditorun tələbinin təmin edilməsindən imtina olunduqda və ya ona baxmaqdan boyun qaçırıldıqda kreditor bankın balansı təsdiq edilənədək ləğvediciyə qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Məlumatdfa qeyd edilir ki, bankın ləğvedicisi tərəfindən müəyyən edilmiş müddətdə kreditor tərəfindən tələb edilməyib, lakin ödənilməsi barədə məhkəmə qərarı olan tələb kreditorla hesablaşmaq üçün növbəlilik qaydasında yerinə yetiriləcək. Qəbul edilməmiş tələbləri barədə kreditor bankın ləğvetmə balansı təsdiq edilənədək iddia ilə məhkəməyə müraciət etmədikdə, eləcə də məhkəmə qərarı ilə kreditora tələbinin ödənilməsindən imtina edildikdə kreditorun tələbi ödənilmiş hesab edilir.

Kreditorlar əlavə məlumat almaq üçün birbaşa ləğvedicinin özünə eləcə də Bakı şəhəri, Nizami küçəsi,167A ünvanında “Azərbaycan Kredit Bankı”nın baş ofisində ləğvedici tərəfindən ayrılmış əməkdaşa müraciət edə bilərlər.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarı ilə Bankın məcburi ləğv edilməsi; ləğvedici qismində “Azerbaijan International Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb.