Sığorta hadisəsi zamanı bəzi vasitəçi şəxslər vətəndaşları aldadaraq kompensasiya ödənişinin böyük bir hissəsini əldə etməyə nail olurlar.
Bunu İcbari Sığorta Bürosunun (İSB) Kompensasiya və subroqasiya şöbəsinin müdiri Fatma Nuriyeva "Kompensasiya ödənişləri zamanı yaranan problemlər" mövzusunda görüşdə deyib.
F. Nuriyevanın sözlərinə görə, bəzi vasitəçi şəxslər nümayəndəlik institutundan sui-istifadə edərək vətəndaşları kompensasiya tələbi üzrə icraatın çox mürəkkəb olduğuna inandıra bilir: “Bu şəxslər vətəndaşa kompensasiya ödənişinin verilməsi qaydaları, sənədləri və ya məbləği haqqında yalan məlumat verirlər. Əhalinin diqqətinə çatdırmaq istəyirik ki, kompensasiya ödənişlərinin verilməsinin əsas məqsədi Azərbaycanda mövcud olan vasitəçilərə qazanc vermək deyil, yol-nəqliyyat hadisələrində zərərçəkmiş şəxslərə və ya onların hüquqi varislərinə yardım göstərməkdir. Odur ki, İcbari Sığorta Bürosuna vətəndaşların bilavasitə özlərinin, vasitəçi olmadan müraciət etmələri məqsədəmüvafiqdir. Büronun kompensasiya və subroqasiya şöbəsinin əməkdaşları tərəfindən vətəndaşları maraqlandıran istənilən məsələyə sığorta qanunvericiliyi çərçivəsində aydınlıq gətirilir. Bu şəraitdə müraciət edənlərin əlavə olaraq vasitəçi, nümayəndələrə müraciətlərinə ehtiyac qalmır”.
apa.az