Avropa Mərkəzi Bankı yeni 10 avroluq banknotları tədavülə buraxıb.İlk baxışda köhnələrə çox bənzəyən yeni onluqların ağırlığı və ölçüləri dəyişməyib. Banknotun çapında saxtakarlığa qarşı halogram texnologiyasından istifadə edilib. Bir başqa yenilik isə pulun üzərindəki ədədlərlə bağlıdır. Yeni banknotlarda həmçinin, bundan belə 10 rəqəmi yaşıl deyil, mavi olacaq. Xatırladaq ki, Avropa Mərkəzi Bankı bu ilin yanvar ayında 5 avroluqlara da dəyişiklik etmişdi. Bu fonda ölkəmizdə də manatın dizaynında artıq dəyişiklik edilməsinin vaxtının çatması iəlbağıl fikirlər səslənir.
Azərbaycanın indiki pulları da artıq uzun müddətdir dövriyyədədir. Eyni zamanda, manatın saxtalaşdırılma riskləri ildən-ilə artır. Bu fonda manatın yeni dizaynda hazırlanıb, dövriyyəyə buraxılması ekspertlər arasında müzakiər mövzusudur.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, yaxın illərdə bu istiqamətdə ölkəmizdə də müəyyən addımlar atılmalıdır: "Pulu saxtalaşdıranlar bir qayda , özünü doğrultmaq və yaxud daha çox gəlir əldə etmək məqsədilə adətən yüksək nominallı əskinaslara əl atırlar. Yəni daha çox 50 və 100 manatlıq əskinaslar saxtalaşdırılır. Bəzən də, 100 manatlıq pullar daha çox yoxlanıldığından, 20 manatlıq əskinasların da saxtasını dövriyyəyə buraxırlar. Azərbaycan manatının dollardan güclü, avrodan az zəif olduğunu nəzərə alsaq, bu o deməkdir ki, milli valyutamızın saxtalaşdırılması ehtimalı mümkündür. Yəni potensial olaraq saxtalaşdırmaq üçün yaxşı pul vəsaitidir. Bu hallara qarşı mübarizə üçün hətta Amerika kimi nəhəng dövlət dolların dizaynında müəyyən dəyişikliklərə getmək məcburiyyətində qalır. Dollar adətən, yaşıl rəngdə olurdu, indi isə bir qədər çəhrayi rəngdədir. Dünyada saxta puldan qaçmağın yollarından biri onun dizaynının dəyişdirilməsi, ya da ona yeni bir element qatmaqla pulun təhlükəsizlik imkanlarının daha da artmasına nail olmaqdan ibarətdir. Azərbaycanın hazırki əskinasları 2006-cı ildə dövriyyəyə buraxılıb və artıq 8 ildir ki, fəaliyyətdədir. Düşünürəm ki, yaxın dövrdə, yəni 2016-cı ildən başlayaraq manatın üzərində müəyyən elementlərin dəyişilməsinə getmək olar. Söhbət tam dəyişməkdən getmir. Çünki, bu halda köhnə dizaynlı pullar dövriyyədən tam çıxarılmalıdır. Bu da səmərəli deyil. Təbii ki, Mərkəzi Bank yəqin ki, bunu edir, ona hansısa elementlər daxil edir. Hər halda bütün dünyada dizaynın dəyişdirilməsi halları baş verir. O baxımdan ölkəmizdə də bu istiqamətdə addım atılması mümkündür".
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov isə indilikdə manatın dizaynında dəyişikliklərə gedilməsini məqbul bilmədi: "Bütün ölkələrdə vaxtaşırı pulun dizaynında müəyyən dəyişikliklər edilməsi kimi proseslər gedir. Bu da ancaq maliyyə dairələrinin qərarı, ölkə daxilindəki tələbatla bağlı prosesdir. Amma bununla belə, düşünmürəm ki, ölkəmiz də bu sahədə kimdənsə nümunə götürməli, kimisə təqdir etməlidir. Zaman dəyişdikcə əskinaslarda müəyyən dizayn dəyişikliyinə gedilməsi də başadüşüləndir. Müddət keçdikdən sonra əskinaslarda da hansısa yeni bir ideyalar əks olunmalıdır. Hətta ola bilsin, 3 manatlıq pullar da buraxılmalıdır. Məsələn, mağazaya 1 manatlıq alış-verişə görə 5 manat veriləndə 4 ədəd bir manatlıq qaytarmaq problemə çevrilib. Ona görə də 3 manatlıq əskinasın dövriyyədə olması həmin problemin həllinə yardımçı olar. Lakin o da var ki, əskinasların dizaynında dəyişikliklər etməklə saxtakarlığın qarşısını almaq mümkün deyil. Sadəcə olaraq, bununla prosesi bir qədər yubatmaq olar. Qəlp pul buraxmaq bütün dövrlərdə mövcud olub. Onun qarşısını almağın effektiv mexanizmləri olmalıdır ".
movqe.az