Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp İraqın Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) qalması və ya təşkilatdan ayrılması ilə bağlı qərarın Bağdada məxsus olduğunu bildirib.
Banco.az xəbər verir ki, Tramp bu fikri Ağ Evdə İraqın Baş naziri Əli əl-Zeydi ilə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
"OPEC-ə gəldikdə isə, bu, onların qərarıdır", – deyə ABŞ prezidenti vurğulayıb.
Bu açıqlama İraqın OPEC-dən çıxa biləcəyi ilə bağlı iddiaların gündəmə gəldiyi vaxta təsadüf edir.
Görüş zamanı Tramp İraq iqtisadiyyatı ilə bağlı nikbin fikirlər də səsləndirib. O, ölkənin xüsusilə neft sektoru hesabına böyük potensiala malik olduğunu və Amerika şirkətlərinin İraqda iri enerji layihələrində iştirak edəcəyini bildirib.
"İraqın nefti və digər sahələri sayəsində böyük potensialı var. Biz çoxlu sövdələşmələr bağlayacaq, hər iki ölkə üçün yeni iş yerləri yaradacağıq. Həmçinin çoxlu neft hasil edəcəyik", – deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, İraq Vaşinqtonla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Onlar başqası ilə deyil, Amerika ilə işləmək istəyirlər. Bu da Əli əl-Zeydinin uğurlu baş nazir olacağına inamımı gücləndirən səbəblərdən biridir", – deyə Tramp bildirib.
