Avropa Birliyi Ukraynaya 3,2 milyard avro yardım etməyə hazırlaşır | Banco.az

Avropa Birliyi Ukraynaya 3,2 milyard avro yardım etməyə hazırlaşır

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Birliyi Ukraynaya ayrılması planlaşdırılan maliyyə dəstəyi çərçivəsində 3,2 milyard avro məbləğində ilk kredit ödənişinin həyata keçirilməsinə imkan verəcək anlaşma memorandumunu imzalayıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının yaydığı məlumata görə, sənəd bu gün Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis tərəfindən imzalanıb.

Memorandumda Ukraynaya veriləcək makromaliyyə yardımının əsas şərtləri, kredit ödənişlərinin təxmini məbləği və vəsaitlərin ayrılması üçün yerinə yetirilməli olan öhdəliklər əks olunub.

Sənədə əsasən, Ukrayna hər bir kredit tranşını almadan əvvəl demokratiya, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarına hörmət sahəsində müəyyən şərtləri yerinə yetirməlidir.

İlk ödəniş üçün tələb olunan addımlar arasında rəqəmsal platformalar üzərindən əldə edilən gəlirlərin vergiyə cəlb olunması, dövlət investisiyaları üzrə sektoral strategiyaların hazırlanması və gömrük qanunvericiliyinin yenilənməsi yer alır.

Qeyd edək ki, Aİ ölkələri daha əvvəl Ukraynaya 2026–2027-ci illər ərzində ümumilikdə 90 milyard avro həcmində kredit dəstəyi göstərilməsi barədə razılığa gəliblər.

İmzalanan memorandum həmin yardım paketinin icra mexanizmini, ödəniş qaydalarını və Ukraynanın həyata keçirməli olduğu islahatları müəyyən edən hüquqi və texniki çərçivə rolunu oynayır.

Məlumata görə, saziş Ukraynaya iyun ayının ortalarında 3,2 milyard avro məbləğində ilkin ödənişin ayrılmasına şərait yaradacaq.