Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur. 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub”.
Banco.az xəbər verir ki, bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib. O vurğulayıb ki,
ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub:
“Qlobal çağrışlar fonunda Türk dövlətlərinin inteqrasiyası və daha da güclənməsi müşahidə olunur. 1.4 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir ”.
Qeyd edək ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 2021-ci ildə 4 milyard 912 milyon ABŞ dolları təşkil edib. Növbəti il, 2022-ci ildə isə bu rəqəm 6 milyard 634,7 milyon dollara yüksəlib və 2021-ci illə müqayisədə 35 faiz artım göstərib. 2023-cü ildə isə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollara çatıb və əvvəlki illə müqayisədə 23,7 faiz artıb.