Düyünü bahalaşdıran amillər hansılardır? | Banco.az

Düyünü bahalaşdıran amillər hansılardır?

Müəllif: Mehin Qasımova/Banco.az

Bu gün qlobal miqyasda düyüyə tələbat artır. Düyü dünya əhalisinin əksəriyyətinin ən çox istehlak etdiyi əsas qidadır. O, əsas kənd təsərrüfatı əmtəəsidir, istehsalda qarğıdalı və şəkər qamışından sonra üçüncü yeri tutur.

Düyü Azərbaycanda da ən çox istehlak edilən əsas qidadır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumatda  düyünün qiymətinin ötən il ilə müqayisədə bu il artdığı əksini tapır. 

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38 min dollar dəyərində 48 min 130 ton düyü idxal edilib. Düyü idxalı 2023-cü ilin ilk 8 ayı ilə müqayisədə dəyər baxımından 13 milyon 353 min və ya 36.4 % artıb, miqdar ifadəsində isə 17.3 % artıb. 2024-cü ilin avqust ayında Azərbaycanda yumru düyünün 1 kq-nın orta satış qiyməti 3.03 manat təşkil edib. Bu əvvəlki ilin avqust ayı ilə müqayisədə 4% çoxdur. Bununla yanaşı yerli istehsal olan yumru düyünün 1 kq-ının qiyməti 3,23 manat təşkil edib ki, 6% çoxdur. Xaricdən gətirilmiş düyünün 1 kq-nın qiyməti isə 2,92 manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.

Bu barədə Banco.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov qeyd edib ki, düyü Azərbaycana digər ölkələrdən gətirilməsinə ehtiyac duyduğu, yəni idxaldan asılı olduğu qida məhsullarındandır:

 “Biz özümüzü yerli istehsal hesabına çox az bir səviyyədə düyü ilə təmin edə bilirik. Ona görə də əhalinin tələbatını tam ödəmək üçün kənardan idxala ehtiyacımız var. Düyü ölkəmizə əsasən Hindistandan və Pakistandan gəlir. Bilirsiniz ki, bir müddət bundan öncə Pakistandan düyü idxalına olan məhdudiyyətlər aradan götürüldü. Biz istəsək də, istəməsək də, təlabatı ödəmək üçün düyünü kənardan idxal etməyə məcburuq. Ona görə də düyünün qiymətində hər hansı bir dəyişiklik baş verirsə, dərhal nəzərə almaq lazımdır ki, bu, bizdən asılı olan məsələ deyil.Ya dünya bazarında sözügedən məhsulun qiymətində bahalaşma var, ya da idxalında məhdudiyyətlər mövcuddur”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertin sözlərinə görə, pandemiyadan sonra yaranan enerji böhranı fonunda düyü ilə bağlı ciddi problemlər ortaya çıxıb:

“Ən çox düyü ixrac edən ölkələr - Hindistan, Pakistan və digər Asiya ölkələridir. Həmin ölkələr də enerji böhranınında ixraclarını xeyli məhdudlaşdırdılar. Hətta Hindistan da, Pakistan da düyünün özündən yox, amma materiallardan yanacaq üçün daxildə istifadə etmək kimi addımlar atdılar. Ona görə də həmin ölkələr əvvəlki qədər dünya bazarlarına ixrac həyata keçmirlər. Yaranan  obyektiv səbəbdən düyü idxal etməkdə çətinliklər ortaya çıxmışdı. Əgər düyü ixracı və idxalı sahəsində çətinliklər davam edərsə, Azərbaycanda qiymətin qalxması və bunun davam etməsi qaçılmazdır”.

Pərviz Heydərov vurğulayıb ki, Azərbaycanda  düyü istehsalı tədarükü ilə bağlı müvafiq dövlət proqramı var. Amma həmin proqramın olmasına baxmayaraq, biz hələ də  yerli istehsalı istənilən səviyyəyə çatdıra bilməmişik:

Azərbaycanda yerli istehsalı daxili tələbatı ödəmək üçün 40 - 45% səviyyəsinə qədər qaldırmaq mümkündür. Dövlət proqramının olmağına baxmayaraq, bu sahədə istənilən səviyyədə işlər getmir və istənilən səviyyədə addımlar atılmır. Azərbaycanda düyüçülüyün inkişafı üçün hər cür imkan var. Əgər biz buna nail ola bilsək, idxaldan bu qədər asılı olmarıq”.