Müəllif: Tamara Mustafayeva, Banco.az
“Anthropic” yeni maliyyələşdirmə mərhələsində “OpenAI”ı geridə qoyub.
Banco.az xəbər verir ki, “Anthropic” yeni investisiya mərhələsində cəlb etdiyi vəsaitdən sonra əldə etdiyi bazar dəyərinə görə rəqibi “OpenAI”ı geridə qoyub.
Yeni investisiya mərhələsinə “Altimeter Capital”, “Dragoneer”, “Greenoaks” və “Sequoia Capital” rəhbərlik edib. İnvestorlar qrupunda həmçinin maliyyə dünyasının iri adları olan “D.E. Shaw & Co.”, “Blackstone Inc.” və “DST Global” da yer alıb.
“Bloomberg”in məlumatına görə, “Anthropic”ə investor marağının son dərəcə yüksək olması səbəbindən proses cəmi bir neçə həftə ərzində yekunlaşıb. Şirkət aprel ayının sonunda 900 milyard dollarlıq bazar dəyərini nəzərdən keçirsə də, bu ayın əvvəlində danışıqları sürətləndirərək hədəflənən rəqəmi də üstələyib.
“Anthropic”in bu qədər yüksək bazar dəyərinə çatmasının əsas səbəbləri arasında süni intellekt proqram təminatına tələbin kəskin artması və şirkətin nümayiş etdirdiyi maliyyə artımı göstərilir.
Şirkət ikinci rübdə gəlirlərinin əvvəlki üç ayla müqayisədə iki dəfə artaraq 10,9 milyard dollara çatacağını gözləyir.
“Anthropic” bu artım tempi ilə ilk dəfə mənfəətli rüb keçirməyə hazırlaşır.
Ötən ilin iyul ayında 4 milyard dollar olan illik gəlir proqnozunun isə gələn ayın sonuna qədər 50 milyard dolları keçəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
