Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə arasından 4 pillə irəliləyərək top 80-liyə daxil olub.
Banco.az xəbər verir ki, dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan “StartupBlink” təşkilatı tərəfindən “Qlobal startap ekosistemi indeksi”nin 2024-cü il üzrə hesabatında 1000 şəhər seçilib. Bakı isə şəhərlərarası reytinqdə 68 pillə irəliləyərək ən yüksək nəticə göstərmiş 350 şəhərdən biri olub.
Azərbaycanda startap ekosisteminin inkişafı barədə iqtisadiyyat və maliyyə sahəsində tanınmış ekspert, təlimçi Orxan Məmmədzadə Banco.az-a danışıb.
Ekspert bildirib ki, bu sahənin inkişafı üçün Azərbaycan milli təfəkkür tərzinin nəzərdən keçirilməsi vacibdir.
Orxan Məmmədzadə qeyd edib ki, uğurlu startap layihələrinin sirri həm də biznesdə düzgün idarəçiliklə bağlıdır:
“Azərbaycan xalqı həmişə tətbiq olunan yeniliklərə xüsusi yanaşıb. Biz xalq olaraq ən yaxşısını seçməyi, bacarmışıq. İllərin təcrübələri də sübut edib ki, pisləri kənara qoyub yaxşılardan faydalanmağı müvəffəq olmuşuq. Bunun əyani sübutunu həm biznesdə, həm iqtisadiyyatda görürük.
İnkişaf etmiş biznes modellərində idarəçilik üslubunda liderlərə önəm verilir. Çünki liderlər biznesdə uğura daha müvəffəq olur, nəyinki rəis idarəçiliyi. Hazırda yeni qurulan biznes modellərinin əksəriyyətində lider mütləq idarəçi olmağa çalışır.
O həm işçi heyətinin yanında olur, həm şirkətdə biznesin qarşısında problem çıxdığı təqdirdə problemin həll olunması üçün özü birbaşa olaraq səylər göstərməyə başlayır. Düşünürəm ki, inkişaf etmiş ölkələrdən “rəis deyil, lider olmalısan” təfəkkürü gəldikcə, yerli biznes sferasında bu üslubdan daha çox istifadə olunur”.
İnkişaf etmiş ölkələrdən gələn bu modelin Azərbaycanda tətbiq olunmas məsələsinə toxunan Orxan Məmmədzadə düşünür ki, ekosistem üzrə startap layihələrinin genişləndiriməsinə ehtiyac var:
“Hazırkı prosesləri izləyən zaman görürük ki, atılacaq addımlar çox olsa da, ümid vəd edir. Burda əldə olunan nəticələr, qazancdan daha çox ekologiyanın qorunması maraqlarına xidmət etməlidir. Xüsusilə biznes idarəçiləri belə layihələrin keçirilməsində, tətbiq mexanizmlərinə nəzarətdə maraqlı olmalıdırlar”.
Ekspert təkrar emal məsələsinə də toxunaraq vurğulayıb ki, bu sahədə də, görüləcək işlər çoxdur:
“Ekologiyanın təmiz qalması niyyəti ilə tətbiq olunan “Recyle meaning”anlayışı var. Bu yenidən emal olunan anlamını daşıyır. Bildiyiniz kimi, yenidən emal olunan plastik məhsullardan hazırlanan hər hansı bir əşya və digər məhsulların təkrar emalı yeni istehsaldan baha başa gəlir. Bu zaman “Recyle meaning” mövzusunu gündəmə gəlir. Hazırda dünyada ekologiyanın qorunması, təmiz saxlanması mövzusu müəyyən mənada dəbə düşüb. Uzun illərdir bu cərəyanın ardınca gedən, ekoloji təmiz binaların inşasından tutmuş, avadanlıqların istehsalı ilə məşğul olan şirkətlər çoxdur.
Azərbaycanda da analoji addımlara xidmət edən yerli istehsalçı şirkətlər var. Amma uzunmüddətli planlama təşkil etmədiyi üçün bu kimi layihələr illər öncə başlasa da bəzi hallarda uğura müvəffəq olmurlar. O səbəbdən inkişaf etmiş ölkərdən bu məsələlərə görə nisbətən geri qalırıq. Ümid edirəm ki, sahibkarlar ekoloji yönümlü startapların həyata keçirilməsində daha aktiv olacaqlar”.