Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiya hökuməti ərzaqlıq yumurtaya idxal rüsumunun sıfırlanmasını təsdiqləyib.
Banco.az bildirir ki, 2024-cü il yanvarın 1-dən 2024-cü il iyunun 30-dək qüvvəyə minəcək qərara əsasən tədarükçülər 1,2 milyarddan çox yumurta idxal edə biləcəklər.
Səlahiyyətlilər ümid edirlər ki, bu, məhsulun qiymətinin aşağı düşməsinə və daxili bazarda onun qıtlığının qarşısını almağa kömək edəcək.
Hazırda daxili bazarı doyurmaq üçün operativ tədbir olaraq toyuq yumurtasına idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulların tədarükünün artırılması üçün Azərbaycan və Türkiyə ilə danışıqlar aparılır.
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, həftənin sonunadək ilk tədarüklər Azərbaycandan, yaxın müddətdə isə Türkiyədən gələcək. Nəticədə, qarşıdakı ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır.
Rusiyada 2023-cü ilin on ayının yekunlarına əsasən, yumurta istehsalı 2,3% artaraq 31,74 milyard ədəd təşkil edib.
İqtisadçılar düşünür ki, “Yumurta böhranı”na səbəb istehsal xərclərinin və istehlakçı tələbinin artmasıdır.
İqtisadiyyat elmləri namizədi, Anastasiya Prikladova hesab edir ki, Rusiya mağazalarındakı rəflərdə xarici tərəfindən idxal olunan yumurtalar yerli olanlardan daha ucuz ola bilər:
“Turkiyədən tədarük potensialı yeni bir istiqamət olacaq. İdxal üçün bu məsələdə problemlər yaranmamalıdır. Bundan əlavə, Ankara ixrac həcmini artıra da bilər.
Tədarük hələ də 2018-ci il səviyyəsinə (349 min ton) qayıtmayıb. 2022-ci ildə bu rəqəm 240 min ton səviyyəsində idi. Türkiyədə toptan ixrac qiymətləri ton başına 1300 dollar və ya C1 kateqoriyasına aid 10 yumurta üçün təqribən 66 rubl təşkil edir. Hesab edirəm ki, pərakəndə satışda Türkiyə istehsalı yumurtaların 10 ədədi üçün qiymət həddinin 90 rubldan aşağı olması gözlənilmir. Əlbəttə, bu cari dəyərlərdən aşağıdır, amma ilin əvvəlinin göstəricilərindən yüksəkdir”.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, artıq Rusiyaya ixrac üçün hazırlıqlar görülür:
“Bizim beş quşçulu müəssisəmizi Rusiya reyestrdən keçirərək sənədlər verib. Biz yaxın günlərdə Rusiyaya təqribən günlük 360 min ədəd süfrə yumurtası göndərəcəyik. Çalışırıq ki, tələbatı ödəmək üçün müəssisəmizi böyüdək. Rusiya bazarına çıxış imkanından sonra həmin istehsal müəssisələrində işləyən işçilərin sayı da artacaq. Bu sayədə ölkəmizə əlavə valyuta axının artması gözlənilir”.