Məcburi ehtiyat normaları ilə bağlı yeni qərar nə vəd edir? | Banco.az

Məcburi ehtiyat normaları ilə bağlı yeni qərar nə vəd edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bir müddət öncə Mərkəzi Bankın İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib və bəzi ehtiyat normaları artırılıb.

AMB tərəfindən aparılmış təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılmışdır.

Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər.

Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar.

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Natiq Kərimli bildirdi ki,  Mərkəzi Bankın bu qərarı böyük bankların daha çox ehtiyat toplayaraq  pul dövriyyəsini azaltmaq və nəticə etibarilə inflyasiya basqılarını zəiflətməyi hədəfləyir:

Ən sərfəli kredit üçün müraciət et

“Ehtiyat normalarına tətbiq olunan dəyişikliklər böyük bankların rezervlərini artıraraq müəyyən dərəcədə onların iqtisadi aktivliyinə, hətta verilməsi həcminə belə təsir göstərəcək. Bu yolla da inflyasiya basqılarının azaldılması nəzərdə tutulur. Amma hesab edirəm ki, bu qərar uzunmüddətli təsirli olmayacaq. Çünki Mərkəzi Bank uçot dərəcəsini azaltmaq siyasətinə qədəm qoyub. Düşünürəm ki, bir müddətdən sonra - gələn ilin ortalarında iqtisadiyyatı canlandırmaq vəzifəsini  ümdə vəzifəyə çevirən Mərkəzi Bank bu qərarında müəyyən dəyişikliklər edə bilər. Hazırkı gedişat bunu göstərir”.

İqtisadçı Xalid Kərimli isə düşünür ki,  normanın artırılmasının inflyasiyanı azaltsa da, kredit faizlərini artıra bilər:

“Pul kütləsinin azalmasına istiqamətlənmiş bu amil inflyasiyanı aşağı endirən amildir. Çünki bu, dövriyyədə pul kütləsinin azalmasına istiqamətlənir. Gələn il ölkəmizdə inflyasiya dərəcəsi Mərkəzi Bankın tənzimləmə tədbirləri və qlobal inflyasiyanın aşağı düşməsi səbəbindən 6%-dən aşağı olacaq. Normanın artırılması milli valyutanın dəyərinə isə artırıcı təsir göstərir. Lakin Azərbaycan manatı sabit məzənnə rejimində olduğu üçün onun dəyərinə hər hansı təsir gözlənilmir”.

Ən sərfəli krediti almaq üçün müraciət et