Azərbaycanda utilizasiya proqramının tətbiqi niyə gecikir? - Eldəniz Cəfərovla müsahibə | Banco.az

Azərbaycanda utilizasiya proqramının tətbiqi niyə gecikir? - Eldəniz Cəfərovla müsahibə

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hələ 2018-ci ildə dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulmuşdu. Layihəyə əsasən avtomobillərin utilizasiya haqqı onların idxalı zamanı gömrük sərhədindən keçərkən ödəniləcək. Bu zaman nəzərdə tutulan utilizasiya haqqının məbləği 400-700 manat arası nəzərdə tutulur.

Mexanizmin hüquqi bazasını “İstehsalat və məişət tullantıları haqqında” qanun təşkil edəcək. Bunun üçün qanuna olunacaq dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsindədir.

Hazırlanan dəyişikliklərə əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.

Bu barədə Banco.az-a nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov müsahibə verib.

 Eldəniz müəllim, utilizasiya proqramının həyata keçirilməsi üçün lazım olan baza varmı?

  Utilizasiya proqramı həm sosial, həm də iqtisadi olmaqla böyük bir layihədir. Onu  tələsik həyata keçirmək mümkün deyil, çünki effektiv olmayacaqdır. Bunun üçün hələ də bizim utilizasiya fondumuz yaradılır. Qeyd edim ki, layihənin uğurlu olması üçün utilizasiya sənayesi yaradılmalıdır. Bunun nəticəsində ki, biz köhnə avtomobillərin utilizasiyaya göndərən zaman söküntüdən geridə qalan  rezin, dəmir, plastmas, şüşə məmulatları təkrar emala göndərə bilərik. Ya da bunun üçün başqa bir mexanizm tətbiq edilə bilər. Ola bilsin ki, həmin məhsullar xaricə satılsın. Bütün bu sadaladıqlarım həllini tapdıqdan sonra utilizasiya proqramını uğurlu formada həyata keçirə bilərik.

 5 ildən çoxdur ki, bu sahədə kifayət qədər müsbət dinamikaya nail olunmayıb. Hansı problemlər var və məsələ necə həll edilə bilər?

Azərbaycanda yeni avtomobil almaq vətəndaş üçün problematik olduğu üçün  köhnə avtomobillərə maraq qalmaqdadır. 2015-2016-cı illərdə  manatın devalvasiyasından sonra 19000 manata olan avtomobillərin qiyməti 35000 min manata qədər qalxdı. Ona görə də bu gün yeni avtomobillər vətəndaşlar üçün o qədər də əlçatan deyil. Hər kəs köhnə avtomobil almağa sürməyə məcburdur. Utilizasiya proqramı da köhnə avtomobilləri əhatə edir. Amma biz bunun əvəzində vətəndaşa yeni avtomobil verə biləcəyikmi? Düşündürən suallardan biri də budur.

Ən sərfəli kredit üçün müraciət et

Bəs köhnə maşınlara artan tələbi hansı amillərlə izah edə bilərsiniz?

Bizim iqtisadiyyatımız bu gün dayanıqlıdır, əhali sayı da artır. Bu səbəbdən nəqliyyat vasitələrinə də ehtiyac çoxdur.  Bizim Bakı şəhərində ictimai nəqliyyatın fəaliyyəti o qədər də yaxşı deyil. Ümumiyyətlə, bütün şəhərlərimizdə ictimai nəqliyyatın vəziyyəti yaxşı deyil. Ona görə də vətəndaşlar daha çox köhnə avtomobillər alırlar ki, heç olmasa bir nöqtədən digər nöqtəyə gedib çata bilsinlər.

 Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin idxalının ƏDV-dən və bir sıra gömrük rüsumlarından azad edilməsi bu sahənin inkişafına təkar verə bilərmi?

 Bəli, 2022-ci ilin yanvar ayından Azərbaycana ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı ƏDV-dən, noyabr ayından isə elektromobillərin idxalı gömrük rüsumundan azad edilib. Qarşıdakı illərdə də stimullaşdırıcı tədbirlər olacaq ki, vətəndaşlarımız üçün yeni, ekoloji təmiz nəqliyyat vasitələri almaq əlçatan olsun. Bundan sonra utilizasiya proqramını həyata keçirə bilərik. İndiki vəziyyətdə bu proqrama başlasaq, qeyri-effektiv olar.

Bakı küçələrində bəzən elə maşınlar görürük ki, onların hərəkət etməsi belə qəribə görünür. Maraqlıdır, utilizasiya proqramı üçün  belə maşınlardan başlamaq yaxşı olmazdımı?

Doğrudur, bu avtomobillər hardasa qalmağı ilə həm ətraf mühitə zərər verir, həm də yer tutur. Düşünürəm ki, həmin avtomobillərin məcburi utilizasiyası proqramı da ola bilər. Bu zaman da vətəndaşa müəyyən məbləğdə nağd pul verilə bilər. Hər halda bu, mənim versiyamdır. Proqramın mətnləri hələ ki, açıqlanmayıb. Hələ ki, bu proqram üzərində iş getməlidir. Stimullaşdırıcı addımlar atılandan sonra proqram icra edilə bilər.

 Utilizasiya proqramı hansı formada həyata keçiriləcək?

Bu proqram könüllü olacaq. Heç kimin avtomobili əlindən məcburi alınmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et