Müəllif:Mehin Qasımova/Banco.az
Yaxın Şərqdə münaqişə daha da gərginləşərsə, əmtəə bazarlarında neftin qiyməti bir barel üçün 150 dollardan yuxarı qalxa bilər. Bu Dünya Bankının hesabatında qeyd edilib.
Hesabata görə, Yaxın Şərqdə hərbi münaqişənin coğrafiyasının kəskin şəkildə genişlənməsi və bir sıra regional dövlətlərin buna cəlb olunması ilə qlobal enerji bazarında və xammal təchizatında ciddi itkilərlə üzləşə bilər.
Mövzunu şərh edən iqtisadçı Pərviz Heydərov Banco.az -a bildirib ki, Yaxın Şərqdə hərbi münaqişənin coğrafiyasının genişlənməsi riski mövcud olsa da, dünyanı idarə edən ölkələr neftin qiymətinin bu qədər artımına yol verməz:
“Çünki belə hal olarsa, nəyinki neftin bazar qiymətləri, hətta, dünya iqtisadiyyatı üçün bir çox gözlənilməz hadisələr baş verə bilər. Bütün bunlara isə, dünyanın aparıcı qüvvələri belə hazır deyillər. ABŞ kimi güclü dövlətə neftin qiymətinin yüksək olması sərfəli deyil, amma Rusiya üçün sərfəlidir. Neftin qiyməti yüksək olarsa, bu dünyada bir çox məhsulların bahalaşması ilə nəticələnə bilər. Ona görə də inanmıram ki, Yaxın Şərqdə qarşıdurma getdikcə daha da genişlənsin və başqa ölkələr də müharibəyə cəlb olunsun, müharibənin miqyası genişlənsin. Əks təqdirdə, neftin qiyməti qalxmalı olacaq. Belə olan halda, dünyada enerji sarıdan ciddi böhran ortaya çıxacaq”.
Ekspert qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə siyasəti Avropada enerji böhranına gətirib çıxartdı:
“Müharibə dünyanın enerji sarıdan alqı-satqı xəritəsində, istehsal və istehlak coğrafiyasında ciddi problemlər ortaya çıxartdı. Nəticədə, 2021-ci ildən başlayan inflyasiya və bahalaşma tendensiyası keçən il də davam etməli oldu. Bu il üçün də ciddi səngimə nümayiş etdirməmişdir. Neftin qiymətinin əlverişli səviyyədə olmasını arzulamaq mümkün olsa da, həmin qiymətin dolları keçməsi ürəkaçan deyil. Neftin qiyməti qalxdıqca yanacaq məhsullarının qiymətləri də bahalaşır və bu da zəncirvari olaraq ümumən istehsalda prosesləri yavaşıdır. Bu da maya dəyəri amilinin şişməsinə və böyüməsinə gətirib çıxardır. Əgər, Azərbaycanda neftin qiyməti 80 dollar civarında qalarsa, bu ölkə üçün əlverişli hal sayılır. Ölkəmiz bundan götürə biləcək ən effektiv səmərəni əldə etmiş hesab olunur. Amma neftin qiymətinin qalxması Azərbaycan üçün də sərfəli deyil. Avropa ölkələri üçün də bu məqbul hal sayılmır. Ona görə də, yaxın vaxtlarda neftin qiymətinin daha da yüksələcəyi gözlənilmir”.
Bizi sosial şəbəkələrdən izləyin!!