Müəllif: Gülbəniz Hüseynli/Banco.az
İqtisadçı ekspert Elman Sadıqov Banco.az suallırını cavablandırır.
“MuğanBank”ın bağlanması hazırkı dövrdə sektora necə təsir edə bilər? Hər hansı bir zərər, risk ehtimalı gözlənilirmi?
“MuğanBank” ASC-nin Mərkəzi Bankın məlumatında qeyd olunduğu kimi, bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir. Belə bir kiçik bankın bağlanması bank və maliyyə sisteminə hal-hazırda birbaşa hər hansı bir ciddi təsir göstərməyəcək. Lakin, məsələ təkcə bank və maliyyə sisteminə təsirlə məhdudlaşmır. İlk növbədə, bu bankda işləyən əməkdaşların işsiz qalması diqqətdən yayınmayacaq qədər önəmli məsələdir. İkinci əsas məsələ bir neçə ildir ki, bank sektorunda proseslərin birtərəfli getməsidir. Yəni, xüsusilə son 13 ildə bağlanma istiqamətində. Əslində bankların bağlanması, birləşməsi prosesi bütün ölkələrdə baş verir. Lakin, bütün dünyada mövcud olan bank sektorunda, indiyə qədər bir çox bağlanmalar da olub, yeni bankların meydana gəlməsi, bankların birləşməsi və təmərküzləşmə də baş verib, bankların öz fəaliyyət istiqamətlərini dəyişməsi də. Amma bütün bu proseslər daha çox böhran dövrlərində və yaxud da iqtisadi tələblər çərçivəsində olub. Burada önəmli olan əsas məsələlərdən biri budur ki, məsələn 20 bank bağlanır, amma yerinə yeni istiqamətdə çalışan və ya müəyyən sektorlar üzrə daha çox ixtisaslaşan bircə bank belə açılmır. Hazırda, bank sektorundakı bütün banklar demək olar eyni istiqamətdə işləyirlər. Korporativ müştərilərə xidmət, istehlak kreditləri vermək, depozit cəlb etmək və s. Bizim hər hansı sahələr üzə ixtisaslaşmış banklarımız da yoxdur. Məsələn, kənd təsərrüfatı, turizm və yaxud digər sahələrə ixtisaslaşmış xidmət göstərə biləcək banklarımız, investisiya bankçılığımız da yoxdur. Hazırda banklar bank sektorundakı təmərküzləşmənin artmasının risklərini, zərərini hiss etmirik və yaxın bir neçə neçə il də hiss etməyəcək. Bu da tədricən artmaqda olan bir arxayınlıq hissi yaradacaq. Bu riskləri hiss etməməyin əsas səbəbi iqtisadi-maliyyə sabitliyi, neftin qiymətləri, qaz hasilatının artması, tədiyyə və ticarət balanslarındakı müsbət saldolar, valyuta ehtiyatlarının sadaladığım bu amillər fonunda artmasıdır. Bu gün sektor devalvasiya riski daxil olmaqla heç bir ciddi risk hiss etmir. Lakin, təmərküzləşmənin riskləri, fəsadları gizlin bir şəkildə yığılmağa, formalaşmağa davam edir. Bu risklər isə iqtisadiyyatda hər hansı təlatüm zamanı hiss olunacaq. Burada təkcə neft qiymətlərinin düşməsi nəzərdə tutulmur. Burada əsas məsələlərdən biri iqtisadi böyümə ilə bank sektorunun böyüməsi arasındakı uçurumun bu dəfə bank sektorunun əleyhinə formalaşması riskindən söhbət gedir. Bu incə və dərin məsələ haqqında bir cümlə ilə kifayətlənmək istərdim. 2015-ci il devalvasiyası nəticəsində real sektor bank sektorunu aşağı çəkdi. Növbəti təlatüm zamanı isə bank sektorunun real sektoru aşağı çəkməsi riskləri formalaşmaqdadır. Bu isə nəticə çıxartmağa əsas verir ki, əslində təmərküzləşmənin gətirdiyi riskəri yumşaltmamaq həmin təmərküzləşən banklar üçün nisbətən kiçik və orta ölçülü banklara nisbətən daha ciddi risklər formalaşdıra bilir.
Fikrimi daha aydın izah etmək üçün bir haşiyə çıxmaq istərdim. 2011-ci ildən sonra neft istehsalının tədricən azalması fonunda tədiyə balansı üçün neft qiymətlərində 2012-2015-ci illərdə qırmızı xəttin 55-60 dollar olduğunu hesablayarkən və yazdığım Strateji Planda neft qiymətlərinin 2014-cü ildən etibarən 60 dollardan aşağı enəcəyini proqnozlaşdırarkən bunun ilk növbədə bank sektoruna təsirinin qaçılmaz olduğunu vurğulamışdım. Məsələ, mənim nəyisə proqnozlaşdırmağım, hesablamağım deyil. Məsələ, şok hadisənin yaratdığı zəncirvari reaksiyanın son halqasının hansı nöqtədə bitəcəyidir. Mövzumuza qayıdaq. Yəni bank sektorunda digər banklar Beynəlxalq Bankı xilas etməkdə aciz qalacaqdılar. Onlar buna cəhd etsələr belə bütün sistem çökərdi. Digər tərəfdən isə “Beynəlxalq Bank” batmaq üçün də kifayət qədər böyük bank sayılırdı və onun batması bütün sektoru çökdürə bilərdi. Nəticədə, ölkənin özündə maliyyə sisteminə ciddi problem yaranardı. Nəticədə bank sağlamlaşdırma tədbirləri ilə dövlətin özünün birbaşa müdaxiləsi nəticəsində xilas edildi.