Zaminlik təklifi gələndə iki dəfə düşünün! | Banco.az

Zaminlik təklifi gələndə iki dəfə düşünün!

Müsahibimiz: Vəkil-ekspert Murad Mirzəzadə

Mövcud qanunvericiliklə, bank kredit verdiyi müştəridən (borcalandan) bir kreditə görə neçə zamin tələb edə bilər? Zaminlərin sayı ilə bağlı müəyyən bir limit varmı?

Zaminlik öhdəliyin icrasının təminatı üsuludur və müqavilədən irəli gəlir. Zaminlik müqaviləsi borc (kredit) müqaviləsi bağlanan zaman və ya onun qüvvədə olduğu istənilən vaxt bağlanıla bilər. Hər hansı kredit müqaviləsi üzrə neçə nəfərin zamin olacağını tərəflər özləri müəyyən edirlər. Başqa sözlə desək zaminlikdə say məhdudiyyəti yoxdur. Bankın tələbinə gəldikdə isə, bu bankın kredit məhsulundan, həmin kreditin məbləğindən, borclunun (və eləcədə də zaminin) aylıq əməkhaqqılarından asılıdır.

Biz yaxın bildiyimiz bir insana zamin durmaqla, onun hansı öhdəliyinə şərik oluruq? Yəni bizim bank qarşısında hansı öhdəliyimiz yaranır?

Yuxarıda qeyd etdiyim kimi zaminlik müqavilədən irəli gələn öhdəliklər yaradır.

Belə ki, bank, borclu və zamin zaminlik müqaviləsini imzalamaqla zaminin hansı həcmdə öhdəlik götürdüklərini müəyyən edirlər. Zaminlik müqaviləsində borc öhdəliyinin mahiyyəti (məbləği, müddəti, faiz dərəcəsi və s) tam şəkildə öz əksini tapmalıdır. Bununla yanaşı zaminlik müqaviləsində zaminin borc öhdəliyinin tam məbləğinə və ya onun hissəsinin qaytarılmasına təminat verməsi göstərilməlidir. Beləliklə də zamin istəyinə uyğun olaraq borc məbləğinin hamısını bütünlüklə və ya onun müəyyən bir hissəsinin qaytarılması ilə bağlı məsuliyyəti öz üzərinə götürə bilər.

Zaminliyin mahiyyəti də məhz bundan ibarətdir ki, borclu krediti ödəmədikdə həmin borcun banka ödənilməsi öhdəliyini zamin borclu ilə birgə qaydada daşıyır.

Düzdür ki, borcalan şəxslə bərabər zaminin mülkiyyəti də (sahib olduğu ev, mənzil, avtomobil, evdəki əşyalar da) girov kimi bank tərəfindən siyahıya alına bilər?

Xeyr. Nə borclunun nə də zaminin mülkiyyəti bank tərəfindən girov kimi siyahıya alına bilməz. Ümumiyyətlə borc öhdəliyi icra edilmədikdə borcun borclu və zamindən birgə qaydada tutulması tələbi ilə məhkəmədə iddia qaldırıla bilər.

Borcun tutulmasına dair qətnamə üzrə verilmiş icra sənədi əsasında borclu və zaminin əmlakları müəyyən edilərək siyahıya alına, məhkəmə qaydasında üzərinə həbs qoyula və müvafiq icra tədbirləri həyata keçirilə bilər.

Məhkəmə qərarı olmadan borcu və zaminin əməkhaqqılarından tutulma mümkündür, bu o halda qüvvədədir ki, həmin şəxslər iş yerlərinə əvvəlcədən bu barədə razılıq vermiş olsunlar.

Ən sərfəli kredit üçün müraciət et

Borcun ödənilmədiyi halda həmin əşyaların da müsadirə olunmaq ehtimalı varmı?

  • Müsadirə yox, məhkəmə qətnaməsi əsasında və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əmlakları siyahıya alına bilər və hərraca çıxarılaraq satıla bilər. Təbii ki, bu halda «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə» 5 iyun 2002-ci il tarixli Nazirlər Kabinetinin Qərarının tələbləri gözlənilməlidir. 

Borcun ödənilməsinin zaminin əməkhaqqına və ya əmlakına yönləndirilməsi yalnız məhkəmə qərarı ilə ola bilər? Ola bilər ki, zamin ilə bank özləri müəyyən razılığa gəlsin, məsələn borcalan vəfat etdikdə?

Bu məsələ barədə yuxarıda qısa da olsa məlumat verdim. Əlavə olaraq onu bildirirəm ki, əmək haqqına yalnız məhkəmə qərarı əsasında tutma yönəltmək mümkündür. Əgər borclu və zaminin əvvəlcədən öz iş yerlərinə ərizə verərək əmək haqqılarından tutularaq banka köçürülməsinə razılıq bildirmişdirlərsə bu halda məhkəmə qərarı olmadan  işəgötürən onların əməkhaqqılarından tutaraq banka köçürəcəkdir. Əməkhaqqından tutma işçinin ərizəsində göstərilmiş olan banka və göstərilmiş məbləğdə icra edilə bilər. Bundan əlavə bank, borclu və zamin borcun məhkəmədənkənar qaydada ödənilməsi barədə razılığa gələ bilərlər. Borclunun vəfat etməsi halı məhkəmə prosesini ləngidə bilər, məhkəmə işi üzə icraatı dayandıra bilər, lakin bu hal, zamini kredit borcunu ödəmək öhdəliyindən azad etmir.

Mümkünsə təcrübənizdə rastlaşdığınız oxşar hadisələrdən birini bizimlə paylaşardınız.

Əksər hallarda borclu aldığı krediti ödəmir və nəticədə zamin həmin məbləği ödəmək məcburiyyətində qalır. Bu kimi halla çox rastlaşmışam. Belə olduqda zaminlər banka gələrək, zaminliyin mahiyyətini anlamadıqlarını, müqavilə bağlanarkən yanıldıqlarını, borcun onlara düşən hissəsini ödəmək şərti ilə qalan hissədən onların azad edilməsini xahiş edirlər.

Zaminliklə bağlı oxucularımıza hansı tövsiyələriniz vardır?

Ümumiyyətlə müqavilə bağlayarkən, onun şərtlərini diqqətlə oxumağı, həmin müqavilənin onun üçün nə qədər əlverişli olmasına diqqət yetirməyi tövsiyə edirəm. Gələcəkdə borc ödənilmədiyi təqdirdə həmin borcun onlar tərəfindən ödəniləcəyi riskini göz altına almalıdırlar. Buna görə də tanımadıqları, əmin olmadıqları birinə zamin olmaqdan qəti şəkildə çəkinməlidirlər.