"Yerli tekstil sənayesinin inkişafı düzgün marketinq strategiyasından asılıdır"- Mütəxəssis | Banco.az

"Yerli tekstil sənayesinin inkişafı düzgün marketinq strategiyasından asılıdır"- Mütəxəssis

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda tekstil sənayesi son illərdə ciddi inkişaf mərhələsindən keçir. Ölkə, xüsusilə pambıqçılıq və yun istehsalı sahələrində zəngin ənənələrə sahibdir, lakin müasir dövrdə bu sahənin daha da inkişaf etməsi üçün bir sıra strateji addımlar atılmaqdadır.

Tekstil sahəsi üzrə mütəxəssis, marketoloq Anar Ağayev Banco.az-a verdiyi müsahibəsində, Azərbaycanın tekstil sektorunun qarşısında duran fürsətləri və qarşılaşdığı çətinlikləri geniş şəkildə müzakirə edib. Onun fikrincə, tekstil sahəsi yalnız yerli bazarın tələbatını ödəməkdən çox, beynəlxalq bazarlara məhsul ixrac etmək üçün də geniş imkanlara malikdir:

“Pambıqçılığın inkişafı tekstil sənayesində əsas xammal mənbəyidir və bu sahəyə investisiyalar artırılmalıdır. Yerli istehsalçılar müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli məhsullar təqdim edə bilərlər. Düşünürəm ki, ipəkçilik ənənələrinin bərpası Şəki bölgəsində turizmlə yanaşı tekstil sektoruna da fayda verə bilər.Eyni zamanda  ekoloji təmiz məhsullara tələbat xüsusilə Avropa bazarlarında Azərbaycan üçün yeni ixrac imkanları yaradır”.

Ekspert düşünür ki, kadr hazırlığı tekstil sektorunun davamlı inkişafı üçün prioritet istiqamətlərdən ola bilər.

Bu sahənin dövlətin dəstəyi ilə daha da inkişaf etdirilə biləcəyini qeyd edən Anar Ağayev hesab edir ki, innovativ həllər və avtomatlaşdırma vasitəsilə məhsul istehsalında səmərəlilik artırıla bilər:

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycanın qonşu ölkələrlə iqtisadi əməkdaşlığı tekstil məhsullarının ixracını artırmaq üçün mühüm rol oynayır.

Mən hesab edirəm ki, brendləşmə ölkə tekstilinin beynəlxalq bazarlarda tanınması üçün vacibdir. Texniki tekstillərin istehsalı (məsələn, sənaye və kənd təsərrüfatı üçün) yeni gəlir mənbələri yarada bilər. Bu həm də  qeyri-neft sektorunun inkişafı çərçivəsində tekstil sektoru strateji əhəmiyyət daşıyır. Bazarda bir çox tanınmış şirkətlər olsa da, daxili bazarın tələbatı yerli istehsal hesabına təmin olunarsa, idxaldan asılılıq azalacaq. Bu həm də rəqabət mühitinin formalaşmasına ciddi təsir edəcəkdir”.

Anar Ağayev qeyd edib ki, tekstil sənayesinin inkişafı üçün marketinq çox önəmlidir, çünki istehsal edilən məhsulların yalnız keyfiyyəti deyil, həm də bazarda düzgün təqdimatı və tanınması uğurun əsas şərtlərindən biridir:

“Artıq müştərilər ekoloji cəhətdən təmiz tekstil məhsullarına üstünlük verirlər. Marketinq strategiyaları vasitəsilə bu cür məhsulların təqdimatı müştəri bazasını genişləndirə bilər. Sərgilər və tədbirlər, tekstil şirkətlərinə həm yeni tərəfdaşlar tapmaq, həm də məhsullarını geniş kütləyə tanıtmaq üçün böyük imkanlar yaradır. Burada güclü marketinq yanaşması ilə fərqlənmək önəmlidir.Tekstil sektoru üçün güclü ictimaiyyətlə əlaqələr (PR) strategiyası qurmaq şirkətlərin fəaliyyətlərini və dəyərlərini geniş kütlələrə çatdırmağa kömək edir.

Marketinq yalnız məhsulun satılmasını deyil, həm də sektorun ümumi inkişafını dəstəkləyir. Azərbaycan tekstil sənayesi müasir marketinq texnikalarından istifadə edərək öz məhsullarını daha geniş bazarlarda tanıda, rəqabətə davamlılıq qazana və uzunmüddətli inkişafını təmin edə bilər”.