Mask “Optimus”lardan robot ordusu yaratmaq istəyir | Banco.az

Mask “Optimus”lardan robot ordusu yaratmaq istəyir

Müəllif:Mehin Qasımova,Banco.az

Tesla-nın baş direktoru İlon Mask yaxın illərdə hər il 1 milyon ədəd insanabənzər “Optimus” robotu istehsal etməyi planlaşdırdıqlarını açıqlayıb.

Banco.az xəbər verir ki,  bu barədə Mask "Tesla" rəhbərləri ilə keçirilən konfrans zamanı bildirib.

Onun sözlərinə görə, yeni üçüncü nəsil "Optimus 3" modelinin prototipi 2026-cı ilin birinci rübündə hazır olacaq. Bununla belə, illik 1 milyon ədəd istehsal səviyyəsinə çatmaq üçün müəyyən vaxt tələb olunacaq.

"Tesla" rəhbəri əsas çətinliyin tam istehsal zəncirinin formalaşmaması ilə bağlı olduğunu qeyd edib:

“Demək olar ki, bütün komponentləri özümüz istehsal etməli olacağıq”.

İlkin planlara görə, gələcəkdə "Optimus 4" modellərinin sayı 10 milyon ədədə, "Optimus 5" modelləri isə 50-100 milyon ədədə qədər artırıla bilər.

Mask bildirib ki, "Optimus" robotları və özünü idarə edən avtomobillər yoxsulluğun aradan qalxmasına, insanların “yüksək keyfiyyətli tibbi xidmət” əldə etməsinə kömək edəcək. Onun fikrincə, bu robotlar gələcəkdə “böyük cərrah” funksiyasını belə icra edə biləcək.

Xatırladaq ki, İlon Mask insanabənzər robot istehsalı ideyasını ilk dəfə 2021-ci ilin avqustunda irəli sürüb. 2024-cü ilin oktyabrında isə “Optimus” ictimaiyyətə təqdim edilib. Onun qiymətinin 20-30 min dollar arasında olacağı və “hər kəs üçün əlçatan” qiymət seqmentində yerləşəcəyi bildirilir.