Xarici valyutada olan əmanətlər sığortalanırmı? | Banco.az

Xarici valyutada olan əmanətlər sığortalanırmı?

Son günlərdə ictimaiyyətdə belə bir fikir yayılıb ki, sığortalanan əmanətlərin faiz dərəcəsinin yuxarı həddinin 12%-ə yüksəldilməsi yalnız milli valyutada olan əmanətlərə şamil edilir.

Əmanətçilərin Sığortalanması Fondunun (ADİF) saytında əmanətçilər üçün yerləşdirilmiş müraciətdə bildirilir ki, 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılmışdır.

 

Həmçinin 24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də, 24 fevral 2015-ci il tarixdən etibarən qorunan əmanət hesab olunur və Fond tərəfindən sığortalanır. Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır. Banklar tərəfindən həmin əmanətlərə görə keçmiş dövrlər üçün təqvim haqqı ödənilmir, təqvim haqqları 24 fevral 2015-ci il tarixindən hesablanır.

 

Məlumatda, əmanətin valyutası ilə bağlı heç bir qeyd yoxdur. Biz ADİF-lə bu məsələ ilə bağlı əlaqə saxladıq və aldığımız cavabda bizə bildirildi ki, əmanətlərin sığortalanması zamanı depozitin valyutasının dollar, avro və ya manat olması heç bir fərq daşımır. Əsas əmanət məbləğinin həcminin 30 min manatdan çox olmaması və depozit faizlərinin 12%-dən çox olmamasıdır.

Bəs, sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta hadisəsi baş verdikdə əmanətin hansı valyutada qaytarılması ilə bağlı maddənin mövcudluğu da onu göstərir ki, xarici valyuta da yerləşdirilmiş əmanətlər də sığortalınır.

Sığorta hadisəsi baş verdikdə kompensasiya:

- milli valyutada olan əmanətlərə - manatda;
- həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
- ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutalarda;
- digər valyutalarda olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda.

Həmkarımızın bir fikri ilə razılaşırıq ki, bəli, dollarla olan əmanətlərin faizləri aşağı düşüb. Amma bu əmanətin sığortası ilə bağlı deyil, banklar sadəcə manat əmanətlərini müştərilər üçün daha cəlbedici etməyə çalışır. Manatla olan əmanətlərin faizlərinin yüksələcəyini, xarici valyutada olan əmanətlərin faizinin enməsini isə ekspertlər də proqnoz edirdi və Banco.az  olaraq, apardığımız araşdırma da bunu göstərir.

Bankların əmanət faizləri üzrə renkinqi (Mart, 2015)

http://banco.az/az/news/banklarin-emanet-faizleri-uzre-renkinqi-mart-2015

Yəni bankların dollar ilə olan əmanətlərin faizlərini aşağı salması, həmin əmanətlərin “sığortalanmaması” ilə bağlı deyil, çünki valyutasından asılı olmayaraq, maksimum 12%-lə yerləşdirilmiş əmanətlər sığortalanır. Bunun iqtisadi səbələri var ki, bu da həmin əmanətlərə tələbin artması ilə bağlıdır. Yəni qeyri-sabit məzənnəli manat əmanətindənsə, müştərilər aşağı faizli, etibarlı dollar əmanətini seçməyi üstün tutur. Nəzərə alın ki, bizim xalq həmişə dollara xüsusi sevgisi ilə seçilib.