Xarici valyuta ilə kredit alanları böyük çətinliklər gözləyir - Samir Əliyev | Banco.az

Xarici valyuta ilə kredit alanları böyük çətinliklər gözləyir - Samir Əliyev

Ekspert bank sektorunu, xarici valyuta ilə kredit alanları böyük çətinliklər gözlədiyini deyir

Samir Əliyev: «Novruz bayramından sonra qiymətlər bahalaşacaq»

"Bank sektorunda baş verən proseslər hər kəsin marağındadır. Kiminin orada əmanəti var, kimisi də kredit götürüb. Manatın devalvasiyasından sonra əhali və banklar arasında bir gərginlik hiss olunur. Azərbaycan Mərkəzi Bankı mövcud situasiyanı tənzimləmək üçün müəyyən rıçaqlarını işə salmağa başlayıb. Bu rıçaqların maliyyə sektoruna hansı təsirlərinin olacağını aydınlaşdırmaq üçün İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyevlə söhbətləşdik". 

- Əmanətlərin sığortalanma faizləri birdən-birə 3 % bənd artırılaraq 9%-dan 12-%-ə yüksəldildi. Bu, nələri dəyişə biləcək? 

- Əmanətlərin sığorta faizləri  2013-cü ilin avqust ayından 12 faizdən 10 faizə, 2014-cü ilin mayından isə 9 faizə salındı. Faizlərin aşağı salınması iki il davam etdi. Sonra birdən-birə 9 faizdən 12 faizə qaldırıldı. O zaman endiriləndə məqsəd kredit faizlərinin aşağı salınması idi. Amma əmanətlər üzrə faizlər aşağı düşsə də, kreditlərdə ucuzlaşmanı hiss etmədik. Bir sözlə, qarşıya qoyulmuş məqsədə nail olunmadı. Əksinə, sığortalanmayan əmanətlərin payının 33 faizdən 47 faizə qədər artması müşahidə edildi. 

Əmanətlərin Sığortalanması Fondunun son qərarında diqqət çəkən məqamlardan biri odur ki, yeni qərar köhnə əmanətlərə şamil ediləcək. Fikrimcə, belə bir qərarın verilməsinə səbəb devalvasiya ilə bağlı bank sektorunu düşdüyü böhranlı vəziyyətdən çıxarmaqdır. Dekabrdan başlayaraq, banklardan əmanətlərin kütləvi şəkildə geri çəkilməsi və dollarlaşması prosesi gedir. Devalvasiyadan sonra isə insanlar arasında manata inam tamamilə öldü. İnamsızlığın yaranmasının nədəni isə Mərkəzi Bank rəhbərinin fikirlərinin təcrübədə təsdiqini tapmamasıdır. Ona görə də əhali vəsaitlərini banklardan ya geri çəkir, ya da dollara konvertasiya edir. Bu proseslər Mərkəzi Bankın devalvasiya siyasətinin vurduğu neqativ təsirlərə qarşı ilk reaksiyadır. İndi sığortalanma faizlərini 9-dan 12 faizə qaldırdılar ki, insanlar əmanətlərini geri çəkməsinlər…

 

- Sizcə, sığorta faizlərinin artırılması əmanətlərin kütləvi şəkildə geri çəkilməsi prosesinin qarşısını ala bilərmi?

- Əslində, faiz dərəcələrinin artırılmasının hər hansı əhəmiyyətini görmürəm. Yəni düşünmürəm ki, effekt verəcək. Əhali əmanətlərini bankların bağlanmaq təhlükəsi ilə üzləşdiyinə görə geri çəkmir, insanlar üçün artıq manat üzərində əmanət saxlamaq sərf etmir. Vətəndaşlar dollarla əmanət yatırmaqda maraqlıdırlar. Sığorta faizlərinin artırılması heç nəyi dəyişməyəcək. 

Bu məsələnin görünməyən başqa qaranlıq bir tərəfi var. Son qərarın köhnə əmanətlərə də şamil edilməsi mənə hələ də qaranlıq qalır. Bununla qorunan əmanətlərin payı hardasa 14-15 faiz artdı. Əsas narahatlıq bank sektorunda yaranıb. Yaranmış böhranla əlaqədar olaraq hansısa bank zərbə ala bilər.

- Çox güman ki, bundan sonra əmanət və kreditlər üzrə faiz dərəcələrində artım müşahidə oluna bilər. Sizcə, bu artım təqribən nə qədər təşkil edə bilər?

- Bir müddət əvvəl bizə sual veriləndə ki, bu il kredit faizlərinin aşağı düşəcəyini gözləyirsinizmi? O zaman cavab vermişdik ki,  bunu gözləmək yersizdir, çünki zəmin yoxdur. Fikrimizi iki amillə əsaslandırmışdıq. Birincisi, əmanətlərə tətbiq edilən vergidir ki, depozitlərin bahalaşmasına gətirib çıxaracaq. İkincisi, devalvasiya gözləntilərinin olması idi. Çünki dünyada dollar və neft ətrafından yaranan proseslər devalvasiya gözləntilərini gücləndirirdi. Məhz sözügedən iki amilə görə, kredit faizlərinin ucuzlaşmayacağını deyirdik. İndi nəinki, düşməsinə, əksinə, kreditlərin bahalaşmasına zəmin yaranıb. Manat 34 faiz dəyərini itirib. Deməli, qiymətlərin qalxması qaçılmazdır. Hazırda süni şəkildə bahalaşmanın qarşısını almağa çalışsalarda, yaxın zamanlarda bu, qaçılmaz olacaq. Novruz bayramından sonra qiymətlərin bahalaşacağını düşünürəm. Qiymətlər qalxandan sonra banklar əmanət faizlərini yüksəldəcək. Proses artıq başlayıb. Hətta elə banklar var ki, 15 faizə qədər qaldırıb. Əmanətlərin bahalaşması isə avtomatik olaraq kredit faizlərinə təsir göstərəcək. Azərbaycanda onsuz da, kredit faizləri yüksəkdir. Yaxın aylarda isə kredit faizlərinin daha 2-3 faiz bənd artmasını müşahidə edəcəyik.

Ən sərfəli kredit üçün müraciət et

- Prezidentin fərmanı ilə kreditlərin faiz dərəcələrinin azaldılması üçün Mərkəzi Banka tapşırıq verilib. Bahalaşma fərmanla ziddiyyət təşkil etməyəcəkmi?

- Əlbəttə, Prezidentin fərmanı ilə atılan addımlar  ziddiyyət təşkil edir.  Yəni dünyada baş verən və Azərbaycanın daxilində aparılan iqtisadi proseslər kredit faizlərinin aşağı salınmasına zəmin yaratmır. Ən azından bu il baş verəcəyi gözlənilmir. 

- Əmanətlərin sürətlə geri çəkilməsi bankların fəaliyyətində hansı gərginliyi yarada bilər? 

- İqtisadi böhran Azərbaycana daxil olarkən ilkin zərbəni banklara vuracağını bildirmişdik. Artıq bunu müşahidə edirik. Manatın devalvasiyasından sonra bank sektoru böhran içinə girib. İnsanlar xarici valyuta ilə götürdükləri kreditləri geri qaytara bilmirlər. Çünki onların aylıq ödənişləri birdən-birə 34 faizə qədər yüksəlib. Eyni zamanda banklar da əhalidən əmanət cəlb edib və onların da aylıq ödənişləri 34 faiz artıb. İndi bank öz öhdəliyini yerinə yetirə bilsə də, kredit götürən vətəndaşların ödənişlərində çətinliklər yaranıb. Bununla yanaşı, kommersiya banklarının 4 milyard dollardan çox xarici maliyyə təşkilatlarına kredit borcları var və bunu geri qaytarmalıdırlar. Bununla əlaqədar olaraq böyük problemlər yaranıb. Hazırda banklar arasında manat qıtlığı da var. Həm manat qıtlığı, həm də devalvasiya ilə əlaqədar olaraq banklar kreditləri dollarla verirlər. Üstəgəl əmanətlərin geri çəkilib dollarlaşdırılması bu sektor üçün narahatlıq doğuracaq. 2013-2014-cü illərdə həm depozit faizlərinin normal olması, həm də vergi tutulması əhalinin bank sektoruna meyliliyini artırmışdı. Vəsaitlərini sözügedən iri maliyyə qurumlarına depozit şəklində yatırırdılar. İndi nə baş verib? Manat 34 faiz dəyərini itirib, habelə vergi tətbiqinə başlanılıb. Bu baxımdan iri bankların təqdim etdikləri faiz dərəcələrini aşağı hesab etmək olar. İnsanlar çalışacaq ki, pullarını yüksək faiz təqdim edən banklara yönəltsinlər. Ona görə də bəzi bankların maliyyə vəziyyəti ağırlaşıb. Belə davam edərsə, müflisləşmə təhlükəsi yarana bilər. Doğrudur, Mərkəzi Bank indiki həssas dövrdə hansısa bankın bağlanmamasına çalışacaq. Əslində, bu, düzgün addımdır. 

- Ola bilərmi Mərkəzi Bank mərkəzləşdirilmiş kreditlərin həcmini artırmaqla bankların ucuz resurslara çıxışını təmin etsin?

- Mərkəzləşdirilmiş kreditlərin faizləri Azərbaycanın makroiqtisadi sabitliyinə adekvat deyil. Belə ki, sözügedən kreditlərin faiz dərəcəsi 3.5 faiz, inflyasiya səviyyəsi isə 1,4 faiz idi. Yəni makroiqtisadi sabitlikdən təqribən 3 dəfə çox idi. Dediyimiz kimi, ölkədə inflyasiyanın sürətlənəcəyi qaçılmazdır. Müxtəlif proqnozlar səslənir. Mərkəzi Bankın sədri Elman Rüstəmov inflyasiyanın 5-7 faiz olacağını deyir. Müstəqil hesablamalarda isə onun 10 faizin ətrafında olacağı proqnozlaşdırılır. Belə bir inflyasi səviyyəsində 3,5 faiz mərkəzləşdirilmiş kredit azdır. Ona görə də Mərkəzi Bank inflyasiyanı cilovlamaq üçün alətlərini işə salacaq. Yəni çox güman ki, uçot dərəcəsini 5-6 faizə qədər qaldıracaq. Ehtiyat norması isə 3 faiz təşkil edir, yəqin ki, onu da qaldıracaq. Mərkəzi Bank bu addımları atmaqla, bankların mərkəzləşdirilmiş kredit resurslarından istifadə imkanları məhdudlaşacaq. Çünki həmin kredit resurslarının yüksək olması bankların ondan istifadəsini çətinləşdirəcək. Eyni zamanda likvidiklik aşağı düşdüyündən bankların müstəqil şəkildə xaricdən resurs cəlb etmək imkanları daha da pisləşəcək. Ona görə də, 2015-ci il bank sektoru üçün ağır il olacaq. Mərkəzi Bank onlara ucuz maliyyə əldə etməkdə yardım etməlidir. Amma bunun da kifayət edə biləcəyi qaranlıq qalır.     

   - Əhalinin ödəmə qabiliyyəti aşağı düşdüyünə görə, problemli kreditlərin həcmi arta bilərmi?

- Problemli kreditlərin həcmi artır. Neftin ucuzlaşmasının iqtisadiyyata göstərdiyi təsirləri nəticəsində iş yerlərinin itirilməsinin sayı artıb. Hökumət investisiya xərclərini azaltdığına görə iş dayanıb. Həm bu, həm də manatın devalvasiyası kreditlərin ödənişində problemlər yaradacaq. Xüsusilə, xarici valyuta ilə verilmiş kreditlərin ödənişlərində çətinliklər özünü göstərəcək. Bu baxımdan növbəti aylarda vaxtı keçmiş kreditlərin həcminin artımı müşahidə ediləcək. 

Mənbə: http://bizimyol.info/

Ən sərfəli krediti almaq üçün müraciət et