Müəllif: Tamara Mustafayeva, Banco.az
Bu il 10–21 noyabr tarixlərində Braziliyanın Para ştatının paytaxtı Belém şəhərində keçirilən COP30-un ilk həftəsi başa çatıb.
Banco.az xəbər verir ki, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün bir araya gəldiyi qlobal zirvənin 30-cu görüşüncə hökumətlər, alimlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri emissiyaların azaldılması, adaptasiya siyasətləri, iqlim maliyyələşməsi, qlobal karbon bazarları, itki və zərər mexanizmləri, ədalətli keçid, yerli iştirak və beynəlxalq əməkdaşlıq kimi mövzularda müzakirələrə başlayıblar.
Amazon bölgəsində ilk dəfə təşkil olunan tədbirdə meşəsizləşmə, bioloji müxtəliflik və Amazonun qlobal iqlim sistemindəki rolu, təbii karbon uducularının qorunması və yağış meşələrinin mühafizəsi kimi mövzular da ön plana çıxıb.
Braziliya Prezidenti Luiz İnacio Lula da Silva COP30-un açılış nitqində hazırkı gedişatla qlobal temperatur artımının davam etdiyini, 1,5 dərəcəlik istiləşmə həddinin aşılmasının qəbul edilə bilməz bir risk olduğunu bildirib.
Prezident Lula da Silva iqlim zirvələrində əvvəllər verilmiş öhdəliklərin sürətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
