Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin ilk yarısında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 2,6 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Məlumata görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 7,5 %-ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏH-in profisiti 6,9 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 4,3 mlrd. dollar məbləğində olub.
Xalid Kərimlinin Banco.az-a verdiyi açıqlamaya əsasən, cari əməliyyat balansının profisitli olması ölkənin iqtisadi vəziyyəti haqqında vacib məlumatlar verir:
“Profisit o deməkdir ki, ölkəyə həm neft sektorundan, həm də qeyri-neft sektorundan ixracdan əldə olunan gəlirlər, idxal üçün xərclənən pulları üstələyir. Başqa sözlə, ölkə daha çox xaricə mal və xidmət sataraq, xaricdən aldığı mallara nisbətən daha çox gəlir əldə edir. Tədiyyə balansının profisitli olması ölkənin dövr ərzində müxtəlif təsnifləşdirmə qaydalarına uyğun olaraq xaricdən gələn və xaricə gedən ödənişlərin valyuta həcmini göstərir. Tədiyyə balansı bir neçə əsas hissədən ibarətdir və dünya standartlarına uyğun olaraq bu bölmələrə cari əməliyyatlar hesabı, iki maliyyə hesabı, üç investisiya hesabı və dördüncü olaraq ehtiyat hesabı daxildir. Bu balans bütün əməliyyatlarda ölkənin xarici iqtisadi fəaliyyətlərini təsnifləşdirir”.
Xalid Kərimli vurğulayıb ki, tədiyyə balansının həm neft, həm də qeyri-neft sektorlarından gələn gəlirlərinin cəmi ölkə iqtisadiyyatına rahatlıq verir:
“Bu rahatlıq, ölkənin rezervlərinin Mərkəzi Bank və Dövlət Neft Fondunda toplanması və artması ilə nəticələnir. Ölkə həmçinin idxalı maliyyələşdirmək və ixracdan kifayət qədər resurs əldə etmək qabiliyyətinə malik olur ki, bu da maliyyə və makroiqtisadi sabitliyə əminlik yaradır. Belə bir profisit ölkənin beynəlxalq kredit reytinqini yüksəldir və maliyyə sabitliyinə müsbət təsir göstərir. Bu, ölkənin valyuta vəziyyətini gücləndirərək ehtiyatların azalması riskini minimuma endirir və iqtisadi etibarlılığı təmin edir”.