Tamara Mustafayeva, Banco.az
WhatsApp şirkəti bir müddətdir ki, istifadəçiləri sevindirəcək iki yeni funksiya üzərində işləyir.
Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp bir-birindən fərqli funksiyalar ilə göstərdiyi xidməti təkmilləşdirməyə istiqamətlənən yeni addımlar atmağa hazırlaşır. 2 milyard aktiv istifadəçisi olan platforma yeni funksiyalarını ilk olaraq beta versiyasında aktivləşdirir və sınaq müddəti başa çatdıqdan sonra bütün istifadəçilərə çatdırır.
Bu günlərdə Android beta versiyası yenilənmiş və yeni funksiyalar ortaya çıxmışdı. Bu funksiyalar arasında ən çox diqqət çəkənlərdən biri isə birdən çox cihaz dəstəyidir.
Məlum olduğu kimi, mesajlaşma tətbiqindən istifadə etmək üçün telefon vasitəsilə əlaqə yaratmaq lazımdır. Platformanın sınaq mərhələsində olan yeni funksiyası ilə artıq buna ehtiyac qalmayacaq. İstifadəçilər kompüter və ya digər cihazlardan hesaba daxil olmağa çalışarkən telefonla təsdiqlənmə prosesini icra etməli olmayacaqlar. Bu funksiyaya dair digər bir xüsusiyyət də odur ki, 2.20.143 nömrəli Android beta versiyasında istifadəçilərin qarşısına yeni bir xəbərdarlıq çıxır.
Belə ki, sözügedən funksiyanı aktiv etmək istəyərkən istifadəçilərdən Wi-Fi vasitəsilə qoşulmaq istəyib istəmədikləri soruşulur. İstifadəçilər bu zaman Wi-Fi və ya mobil internet arasında seçim edirlər. Düzdür, paltformanın nə üçün bu seçimi istədiyi tam məlum deyil. Ehtimal ki, bunun əsas səbəbi mesajlaşmaların nüsxələnməsi ilə bağlıdır.
WhatsApp kredit verəcək
Mesajlaşma tətbiqi digər bir yandan da maliyyə yönümlü addımlar üzərində işləyir. Şirkətin bir müddətdir ki, WhatsApp vasitəsilə pul köçürməsi funksiyasını sınaqdan keçirdiyi məlumdur. Bu funksiya uzun müddətdir ki, Hindistanda aktivdir.
Ortaya çıxan son məlumatlara görə, pul köçürmələri ilə yanaşı artıq istifadəçilər tətbiq vasitəsilə kredit də götürə biləcəklər. Sözügedən bu funksiya da hazırda Hindistanda sınaqdan keçirilir.
Şirkət rəsmilərinin açıqlamasına görə, platformanın pul köçürmələri funksiyasından Hindistanda 1 milyondan çox insan istifadə etmişdir. Mesajlaşma tətbiqinin bu ölkədə 400 milyondan çox istifadəçisi var, odur ki, bu funksiyaların orada sınaqdan keçirilməsi təəccüblü deyil.
Həmçinin oxu: WhatsApp koronavirusla bağlı yeni təhlükəsizlik tədbiri görüb
Bizi sosial şəbəkələrdən izləyin!!