Müəllif:Mehin Qasımova,banco.az
ABŞ administrasiyası noyabrın 26-da Ağ Evin yaxınlığında iki Milli Qvardiya əməkdaşının güllələnməsi ilə bağlı hadisədən sonra “yüksək riskli ölkələr” üçün tətbiq edilən səyahət qadağalarını genişləndirməyə hazırlaşır.
Banco.az xəbər verir ki, ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem “Fox News” kanalının “The Ingraham Angle” proqramında bildirib ki, prezident Donald Tramp administrasiyası səyahət məhdudiyyətlərinin tətbiq olunduğu ölkələrin siyahısını artırmağı planlaşdırır.
Noem hazırda ölkələrin qiymətləndirildiyini qeyd edərək deyib: “Sayı ilə bağlı qəti bir şey deyə bilmərəm, amma siyahı 30-u keçib və Prezident ölkələri qiymətləndirməyə davam edir. Əgər bir ölkənin sabit hökuməti yoxdursa, öz vətəndaşlarını nəzarətdə saxlaya biləcək administrasiyası yoxdursa və həmin şəxslərin identifikasiyası və araşdırılmasında bizə yardım edə bilmirsə, bu ölkədən insanların ABŞ-a gəlməsinə icazə verməyimizin mənası yoxdur.”
Nazir siyahıya konkret hansı ölkələrin əlavə ediləcəyini açıqlamayıb.
Hazırda Trampın 5 iyunda imzaladığı sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a səfərləri qadağandır. Bundan başqa, Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları üçün də səyahət məhdudiyyətləri qüvvədədir.
Həmçinin administrasiya dekabrın 3-də “yüksək riskli ölkələr” kimi təsnif edilən 19 ölkənin vətəndaşları tərəfindən edilən bütün sığınacaq müraciətlərini və immiqrasiya yardımı sorğularını dayandırıb.
