Vaxtından əvvəl qaytarılan kreditə görə bank cərimə edə bilər? | Banco.az

Vaxtından əvvəl qaytarılan kreditə görə bank cərimə edə bilər?

Müəllif: Hüquqşünas-ekspert Əkrəm Həsənov

Bir sıra yerli bank və bank olmayan kredit təşkilatı kredit müqaviləsində nəzərdə tutub ki, borclu krediti vaxtından əvvəl qaytardığı halda əlavə komisyon haqq və ya faiz ödəməlidir. Bəzi banklar isə vaxtından əvvəl ödənişi qəbul etsə də, yalnız qrafik üzrə vaxt çatdığı andan kreditin ödənişi hesab edir. Hüquqi şəxslər və fərdi sahibkarlara münasibətdə bu şərt mümkündür. Amma vətəndaşa münasibətdə qanuna ziddir.
Belə ki, Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Məcəllənin 428.1-428.3-cü maddələrindən isə belə çıxır ki, bu hüquq müəyyən hallarda sahibkara münasibətdə məhdudlaşdırıla bilər. Vətəndaşa münasibətdə isə yox!

Məcəllənin 744-cü maddəsində (“Borc alanın müqaviləni ləğv etməyə xüsusi hüququ”) də eyni yanaşmadır. Həmin maddənin dili qüsurlu olsa da, Almaniya Mülki Qanunnaməsindən götürüldüyü üçün anlaşılandır. Qısaca mənası budur ki, borc alan fiziki şəxs kredit müqaviləsinə krediti aldıqdan sonra 9 aydan tez olmamaqla və 3 ay qabaqcadan xəbərdarlıq verməklə xitam verə bilər (torpağın ipotekası ilə təmin edilmiş kredit istisna olmaqla). Sahibkardırsa, 10 ildən tez olmaz.

Ən sərfəli kredit üçün müraciət et

Nəticə: borclu vətəndaş Məcəllənin 744.1.3-cü maddəsinə əsasən 3 ay qabaqcadan xəbərdarlıq verməklə müqaviləyə xitam verə, yəni borcu tam bağlaya bilər. Bu 3 aylıq xəbərdarlıq müddətini də formallığa çevirmək olar. Çünki bu müddət öhdəliyin vaxtından əvvəl ödənilməsi üçün deyil, müqaviləyə xitam vermək üçündür. Məcəllənin 428.1-428.3-cü maddələrinə görə fiziki şəxs istənilən halda öhdəliyi vaxtından əvvəl icra edə bilər. Buna görə də borcluya heç nə mane olmur ki, məsələn, 1000 manat borcunun 999 manatını vaxtından əvvəl ödəsin, bundan sonra müqaviləyə xitam verməsi haqda banka xəbərdarlıq göndərsin və 3 aydan sonra 1 manatı da ödəyib borcu tam bağlasın.

Beləliklə, kredit müqaviləsində vətəndaşın krediti vaxtından qaytarılmasına yönələn hər hansı məhdudiyyət, o cümlədən əlavə haqqın ödənilməsi tələbi qanunsuzdur! Bu, həmçinin bütövlükdə kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilər. Çünki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

Ən sərfəli krediti almaq üçün müraciət et