Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı “Radikal Borc Şəffaflığı” adlı hesabatını yayımlayıb.
Banco.az xəbər verir ki, hesabatda borc şəffaflığı təcrübələrində köklü dəyişikliklərin zəruri olduğu vurğulanıb.
Daha sərt maliyyələşmə şəraitinə cavab olaraq daha çox inkişaf etməkdə olan ölkənin büdcə xarici və daha mürəkkəb borclanma mexanizmlərinə yönəldiyi qeyd olunan hesabatda, bu vəziyyətin dövlət borcu risklərinin tam dəyərləndirilməsini çətinləşdirdiyi bildirilib.
Bu problemlərin həlli üçün borclu və kreditor ölkələrin borclarını hesabatlandırma və açıqlama üsullarında fundamental dəyişikliklər təklif edilib. Təkliflər arasında hesabatlılığın əhatə dairəsinin genişləndirilməsi və kredit səviyyəsində daha ətraflı açıqlamaların verilməsi də yer alır.
Hesabatda bildirilir ki, aşağı gəlirli ölkələrin bəziləri borc məlumatlarını açıqlama nisbətini 2020-ci ildən bəri 60 faizdən 75 faizdən yuxarı səviyyəyə çatdırsa da, yalnız 25 faizi yeni götürülən borclarla bağlı kredit səviyyəsində məlumat təqdim edir.
Dünya Bankının hesabatında həmçinin qeyd edilir ki, özəl təyinatlar, mərkəzi bankın swap əməliyyatları və təminatlı maliyyə razılaşmaları kimi mürəkkəb və çox zaman qeyri-şəffaf maliyyələşdirmə mexanizmlərinin artması hesabatlılığı daha da çətinləşdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!