Bəzən ən kvalifikasiyalı mütəxəssislər də aylarla işsiz qala bilir. Ola bilsin ki, səbəb aşağıda sadalananlardan biridir. Bu yanlış hərəkətləri necə düzəltmək olar?
Gecikirsiniz
Zamanını idarə edə bilməyən biri ilə işləməyi özünüz də istəməzdiniz. Belə qeyri-punktuallıq hörmətsizlik kimi qəbul edilə bilər. Yaxud daha da pis. Elə fikir yaranar ki, sizə iş elə də vacib deyil. Əgər sizdə heç bir vəchlə punktual olmaq alınmırsa, heç olmazsa, görüşə hazırlaşmağa vaxt sərf edin. Tanış olmayan yerlərdə oriyentasiya problemi yaşayırsınızsa, onlayn xəritələrə baxıb vaxtı və marşrutu müəyyənləşdirin. Tıxaca düşmək ehtimalınız varsa, iş görüşünə avtomobilinizlə deyil, ictimai nəqliyyatla gedin.
Yenə də gecikirsiniz? Müəssisənin nümayəndəsinə zəng edib bir qədər gecikəcəyinizi bildirin — ən azından bunu etməlisiniz.
Həmçinin oxu: “Starbucks”ın HR-direktoru namizəd seçimini necə edir?
Düzgün geyinməmisiniz
Belə hesab olunur ki, 17 saniyə həmsöhbətimiz haqqında ilkin təəssürat formalaşması üçün kifayətdir. Mükəmməl mütəxəssis ola bilərsiniz, lakin çirkli ayaqqabılar, nimdaş geyim, çətin ki, sizə əlavə xal qazandırsın. Hər hansı bir təşkilata müsahibəyə gedərkən oranın dress-kodu ilə maraqlanın. Əks halda baxımsız, motivasiyasız biri kimi görünəcəksiniz. Ətirdən istifadə etməyin, neytral ətri olan dezodoranta üstünlük verin. Əgər geyim və s. incə işlərlə əlləşmək sizə əzab kimi gəlirsə, “freelance” iş tapın.
CV-nizdən xəbəriniz yoxdur
Cv-niz HR-menecerin gözünün qabağında olsa da istəyəcək ki, özünüz haqqında danışasınız. Sizdən CV-də yazılan müxtəlif detallar soruşula bilər. Cavablarınız doğru olmazsa, qeyd etdiyiniz hər şey şübhə altına düşəcək.
Həmçinin oxu: Google və Amazon ideal CV-nin sirlərini AÇIQLADI
Müəssisə haqqında heç nə bilmirsiniz
Böyük ehtimalla şirkət haqqında nə bildiyiniz soruşulacaq. Bu sual qarşısında aciz qalsanız, aydın olacaq ki, sizin seçiminiz şüurlu deyil. Çox güman ki, işə dəhşətli dərəcədə ehtiyacınız var, qarşınıza çıxan hər vakansiyadan yapışırsınız, bu da onlardan biridir. Əmin olun ki, işəgötürənlər bundan məmnun olmayacaq. Məlumatlılığınızı, iş yerinə marağınızı, informasiya axtarmaq qabiliyyətinizi nümayiş etdirin. Bəzi faktları araşdırın: Şirkət necə ildir, mövcuddur; Əsas fəaliyyət sahələri hansılardır; vakansiyanın vəzifə öhdəlikləri nələrdir və s.
Qəribə suallar sizi çaşdırır
İnternetdə stresli müsahibələr haqqında çoxlu məqalə mövcuddur. Adi müsahibəyə belə hazırlığı olmayan insanı “özünüzü təqdim edin” kimi standart cümlə və sadə suallar da həyəcanlandıra bilər. Tez-tez verilən suallar bunlardır:
· Niyə məhz bu şirkətdə işləmək istəyirsiniz?
· Əvvəlki iş yerinizi niyə tərk etmisiniz?
· Sizi niyə işə götürməliyik?
· Özünüzü 5-6 il sonra harada görürsünüz?
· Əmək haqqı gözləntiniz nə qədərdir?
Sadalanan suallar işçinin motivasiyasını üzə çıxartmağa xidmət edir. Suallara əvvəlcədən hazırlaşın, nitqinizdə parazit sözlərə yol verməyin.
Həmçinin oxu: Müsahibədə hiyləgər sualları cavablandırmağın 4 asan yolu
Loyal deyilsiniz
İdeal namizəd əvvəlki iş yeri və həmkarları haqqında ya yaxşı danışır, ya da qısa və neytral. Bu, işaxtaranın münaqişəyə meylli olmadığını göstərir. Keçmiş iş həyatınızda hansı məşəqqətlərə dözməli olduğunuz, sabiq rəhbəriniz və iş yoldaşlarınızın şəxsiyyəti barədə nitq əslində sizi xarakterizə edir. Yaxşısı budur, işdən çıxma səbəbi kimi karyera inkişafının və öz potensial imkanlarınızı açmaq imkanlarının olmamasını, iş yerinin evinizdən uzaqlığını göstərin. Hətta iş şərtləri birmənalı olaraq dəhşətli olsa da bunu neytral ifadələrlə bildirin. Məsələn, maaşlar vaxtında ödənilmirdisə, belə də deyin. “Qul əməyi”, “istismar” kimi ifadələr işlətməyin.
Özünəinam hissindən məhrumsunuz
Bacarıq və təcrübəniz vakansiyaya münasib olsa belə müsahibə zamanı gərgin olmağınız sizin əleyhinizə işləyəcək. Özünə əmin olmayan namizəd şirkətdə yüksək nəticələr əldə edə biləcəyini göstərə bilməz. Müsahibə stresli də ola bilər ki, bu da özlüyündə sizin barənizdə müəyyən təəssürat oyadır. Potensial işəgötürənin ofisinə daxil olmazdan əvvəl öz-özünüzə deyin: “Təkcə onlar məni seçmir. Mən də onları seçirəm”.
Lovğalanırsınız
Müsahibədə möhtəşəm namizəd kimi görünmək üçün qabiliyyətlərinizi çox da şişirtməyin. Keçmiş iş yerindəki nailiyyətlərini boyalı-boyalı ifadələrlə təsvir edən işaxtaran sual doğurur: Əgər namizəd belə mükəmməldirsə, niyə iş axtarır?
Real faktlarla danışın. Əvvəlki iş yerinizdəki uğurlarınızdan danışarkən vurğulayın ki, həmin şirkətə və həmkarlarınıza da çox şey borclusunuz. Bu, işaxtaranın komandada işləməyi sevdiyini və işəgötürənə münasibətdə loyallığını göstərir. Yalan məlumatın üstü asanlıqla açıla bilər. Bunun üçün bir-iki telefon zəngi və sosial şəbəkələrdəki profilinizə ötəri baxış kifayətdir.
Özünüzü qəribə aparırsınız
Qızıl ortanı qoruyun. Müsahibədə sıxılmaq da, özünü çox sərbəst aparmaq da həmsöhbətdə mənfi rəy formalaşdırır. İşgüzar ünsiyyətin nəzakət çərçivəsindən kənara çıxmayın. Yersiz zarafatlar da etməyin. Şablon, eyni zamanda ən təsirli məsləhət: Özünüz kimi olun.
Həmçinin oxu: “Microsoft” şirkəti CV yazmağın ideal qaydalarını izah edib
Heç bir sualınız yoxdur
Müsahibənin sonunda şirkət və vakansiya haqqında nəyi öyrənmək istədiyinizi soruşa bilərlər. Heç bir sualınızın olmaması o deməkdir ki, nə ilə məşğul olmağın sizin üçün fərqi yoxdur, ya da hara gəlməyiniz barədə tamamilə məlumatsızsınız.
Universal suallar verin — müsahibə əsnasında aşkar olmayıbsa.
· Vakansiya necə ortaya çıxdı və sələfimin güclü tərəfləri nələr idi?
· Müraciət etdiyim vəzifə üçün tipik iş günü necədir?
· Şirkətdə peşəkar böyümə və inkişaf üçün hansı imkanlar mövcuddur?
· Vakansiyanın təsvirində qeyd olunmayan, lakin bilməli olduğum bir şey varmı?
Düzgün suallar — rekruterin gözündə bonus bal qazandırır. Müsahibə iki tərəfin oyunudur. İş axtarışında ikən təslim olmayın. Hər rədd cavabı bir təcrübədir. Hər növbəti müsahibə isə karyera yolunda bir addımdır.
Nigar Umaxanlı