Müəllif - Aida İsaq, Banco.az
“Sakit şəhər” ifadəsi yəni “Cittaslow” anlayışı 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkatdır. Hərəkatın məqsədi həyatın ritmini yavaşlatmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Beləliklə, Cittaslow fəlsəfəsi zövq alınacaq tempdə yaşamağı özündə ehtiva edir. İnsanların bir-biri ilə ünsiyyət qura bildiyi, sosiallaşdığı, ətraf-mühiti, adət-ənənələrini qoruduğu, eyni zamanda infrastruktur probleminin olmadığı, bərpa olunan enerji mənbələrindən istifadə olunduğu, texnologiyanın vəd etdiyi komfortdan faydalanan bölgə anlayışını ifadə edir.
Banco.az xəbər verir ki, qardaş ölkə Türkiyə tarixi, təbii gözəllikləri və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş sərvətləri ilə dünyanın özünəməxsus coğrafiyaya sahib ölkələrindəndir. Bu səbəbdən “sakit şəhər” anlayışı üçün də olduqca uyğundur. Türkiyədə “sakit şəhərlər”in sayı 21-dir. Bu şəhərlər siyahısına Əhlat (Bitlis), Akyaka (Muğla), Arapgir (Malatya), Eğirdir (İsparta), Foça (İzmir), Gerze (Sinop), Gökçeada (Çanaqqala), Göynük (Bolu), Güdül (Ankara), Halfeti (Şanlıurfa), İznik (Bursa), Kemaliye (Ərzincan), Köyceğiz (Muğla), Mudurnu (Bolu), Perşembe (Ordu), Şavsət (Artvin), Uzundərə (Ərzurum), Vize ( Kırklareli), Yalvaç (İsparta), Yenipazar (Aydın) daxildir.
Qeyd edək ki, indiyədək dünyanın 33 ölkəsindən 287 şəhər 72 kriteriyaya uyğun olaraq bu ada layiq görülüb.
Bizi sosial şəbəkələrdən izləyin!!