Türkiyə Mərkəzi Bankının sürətli pul axını siyasəti lirəyə necə təsir edəcək? | Banco.az

Türkiyə Mərkəzi Bankının sürətli pul axını siyasəti lirəyə necə təsir edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az 

2021-ci ildə Türkiyə lirə əmanətlərini amortizasiyaya qarşı kompensasiya edən valyuta ilə qorunan əmanət proqramı tətbiq etməyə başladı.

Bu mexanizmə əsasən, əmanətçilər lirə hesabları üzrə faizləri aşan məzənnə dəyişikliyindən dəyən hər hansı itkilərə görə dövlət zəmanəti ilə kompensasiya almaqla məzənnə dəyişikliklərindən hedcinq edə bilərlər.

Banco.az xəbər verir ki, iqtisadçı Ərsin Dədəqoca Türkiyə iqtisadiyyatında son dövrlərdə baş verən prosesləri təhlil edərək xəbərdarlıq edib ki, “Kur Korumalı Mevduat “(KKM) sistemindən çıxmaq üçün görülən tədbirlər yeni risklər yaradır. Dədəqocanın sözlərinə görə, iqtisadiyyatda aparılan bəzi faiz artımları və müvəqqəti pul siyasətləri nəticəsində dollarizasiya səviyyəsi azalsa da, sürətli pul (sıcak para) axını ilə ölkə iqtisadiyyatı daha təhlükəli bir vəziyyətə düşür:

“2023-cü ilin avqustunda KKM məbləği 3,4 trilyon TL ilə rekord səviyyəyə çatmışdı. Lakin faiz artımları və sistemdən çıxış tədbirləri ilə 2024-cü ilin avqustuna qədər bu məbləğ 1,5 trilyon TL-yə, yəni 43,3 milyard dollara qədər azaldılıb. Buna baxmayaraq, həmin dövrdə dollarizasiya səviyyəsi yüksək olaraq qalır – KKM daxil olmaqla, avqust ayında bu rəqəm 57,1% təşkil edib”.

Ən sərfəli kredit üçün müraciət et

Ərsin Dədəqoca qeyd edib ki, KKM-dən çıxmaq üçün faiz dərəcələrinin artırılması ölkəyə qısa müddətli xarici kapital – “sıcak para” cəlb edib. Carry trade kimi tanınan bu sistemdə investorlar yüksək faizdən faydalanmaq üçün qısa müddətə ölkəyə vəsait gətirir və hər an geri çəkilə bilirlər:

“2024-cü ilin ilk yeddi ayında Türkiyəyə 18,4 milyard dollar həcmində sürətli pul axını olub. Xarici investorlar dövlət borc kağızlarına 15,4 milyard dollar, bank borc sənədlərinə 8,6 milyard dollar və özəl sektor borc alətlərinə isə 2,7 milyard dollar yatırıb. İstanbul birjasında 1,2 milyard dollar həcmində satış olub, yəni bəzi investorlar bazarı tərk etməyə başlayıblar.

Sürətli pul axını müvəqqəti olaraq Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarını artırsa da, iqtisadiyyatda sabitlik yaratmır.

Hazırda Mərkəzi Bank valyuta məzənnələrini stabilləşdirmək üçün dollar alışı həyata keçirir. Bunun səbəbi, dolların məzənnəsinin çox aşağı düşməsi ilə ixracatçıların zərər görməsinin qarşısını almaqdır. 2001-ci il və 2018-ci il böhranları kimi keçmiş təcrübələr göstərir ki, sürətli pul axını iqtisadiyyat üçün dayanıqlı həll yolu deyil”.

İqtisadçının fikrincə, Türkiyə iqtisadiyyatında yaranan “bahar havası” aldadıcı ola bilər. Türkiyə Mərkəzi Bankının faiz artımları ilə müvəqqəti rahatlıq əldə edilsə də, sürətli pul axını iqtisadiyyatda təhlükə yarada bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et