Türkiyə-Azərbaycan qaz əməkdaşlığı iqtisadiyyatımıza nə qazandırıb? | Banco.az

Türkiyə-Azərbaycan qaz əməkdaşlığı iqtisadiyyatımıza nə qazandırıb?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatına əsasən 2024-cü ilin  yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 2 milyard 674,43 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2023-cü ilin ilk rübü ilə müqayisədə 2,06 % çoxdur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Banco.az-a Türkiyə-Azərbaycan qaz əməkdaşlığının tarixi barədə danışıb.

Türkiyənin dövlət şirkəti olan TPAO-nun 1996-cı ildən “Şahdəniz” layihəsinin aktiv iştirakçısı olduğunu qeyd edən İ.Şaban xatırladıb ki,1999-cu ildə “Şahdəniz” yatağı açılanda rəsmi Ankara Azərbaycandan qaz almaq istədiyini bəyan edən ilk ölkə olub:

"2001-ci ildə ölkələrimizin hökumətləri arasında “qazın alqı-satqısına” dair saziş imzalandığını deyən İ.Şabanın fikirlərinə görə, Türkiyənin bu cəsarətli addımı ilə Azərbaycan müstəqillik illərində ilk dəfə olaraq 2007-ci ildən adını qaz ixrac edən ölkələr siyahısına daxil etdi.Türkiyə şirkətləri bizim qazımızı o bazara çatdıracaq ilk kəmərində, onun sonradan genişləndirilməsi layihəsinin də aktiv oyunçuları oldular.  Sonradan istər “Şahdəniz-2” layihəsinə gedən yolda, istərsə də ondan sonra ölkələrimiz qaz əməkdaşlığının artırılmasında maraqlı olduqlarını ortaya qoyublar.Azərbaycan-Türkiyə tərəfdaşlığının faydası təkcə iki ölkə ilə məhdudlaşmır, bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verib”.

İ.Şaban onu da əlavə edib ki, Azərbaycanın Avropada yerləşən və payçı olduğu Trans-Adriatik boru kəmərinə, yəni TAP-a maraq isə son zamanlar əhəmiyyətli dərəcədə artıb:

“TAP istismara verildikdən etibarən 35 milyard kubmetrdən çox qaz nəql edib ki, bunun da 2,14 milyard kubmetri Bolqarıstanın, 3,37 milyard kubmetri Yunanıstanın, 29,22 milyard kubmetri isə İtaliyanın payına düşüb.TAP vasitəsilə nəql olunan qaz İtaliyaya idxal olunan qazın 16 faizini, Yunanıstana idxal olunan qazın isə 18 faizini təşkil edir”. 

Qeyd edək ki, Azərbaycan Energetika nazirliyinin açıqladığı son məlumata görə isə, bu ilin yanvar-aprel aylarında Avropaya 4,2 milyard kubmetr təbii qaz ixrac edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 300 milyon kubmetr və ya 7,7 % artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram