Texnologiya nəhənglərinin gəlir və mənfəəti artdı | Banco.az

Texnologiya nəhənglərinin gəlir və mənfəəti artdı

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya nəhəngləri "Apple", "Microsoft" və "Google"un ana şirkəti "Alphabet" bu ilin aprel-iyun ayları ərzində xalis gəlir və mənfəətlərində artım olduğunu elan ediblər.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Apple", "Microsoft" və "Alphabet" şirkətləri ilin aprel-iyun ayları üzrə maliyyə göstəricilərini açıqlayıblar.

"Apple"dan edilən açıqlamaya görə, III rüb kimi qeyd etdikləri aprel-iyun ayları üzrə şirkətin gəliri ötən ilin eyni dövrünə nəzərən 36% artmaqla 81.4 milyard dollara çatıb ki, ötən il bu göstərici 59.7 milyard dollar idi. 

Firmanın ötən ilin aprel-iyun ayları üzrə 11.3 milyard dollar olan xalis mənfəəti də bu ilin eyni dövründə 21.7 milyard dollara yüksəlməklə ümumilikdə 93% artım müşahidə edilib. "Apple"ın bir səhmi üzrə mənfəəti isə sözügedən dövrdə 0.65 dollardan 1.30 dollara yüksəlib.

Maliyyə təqvimində aprel-iyun aylarını IV rüb kimi nəzərə alan "Microsoft" şirkətinin açıqlamasına görə, şirkətin gəliri bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə 21% artımla 46.2 milyard dollara yüksəlib. Ötən il isə bu göstərici 38 milyard dollar idi.

Şirkətin xalis mənfəəti də həmin dövrdə 47% artmaqla 16.5 milyard dollara çatıb ki, ötən il bu rəqəm 11.2 milyard dollar hesablanmışdı. "Microsoft"un bir səhmi üzrə mənfəəti də 1.46 dollardan 2.17 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən ayları əhatə edən dövrü II rüb kimi qəbul edən "Alphabet"in də bu dövrdə əldə etdiyi gəlir ötən ilin eyni dövrünə nəzərən 62% artmaqla 61.9 milyard dollara yüksəlib. Proqnozlardan çox gəlir əldə edən şirkət ötən il 38.3 milyard dollar gəlir açıqlamışdı. Şirkətin xalis mənfəəti isə 166% artımla 18.5 milyard dollara çatıb ki, ötən ilin eyni dövründə bu göstərici 6.9 milyard dollar idi. Firmanın ötən ilin aprel-iyun ayları ərzində 10.13 dollar olan bir səhmi üzrə mənfəəti isə bu ilin eyni dövründə 27.26 dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et