1. Bankınızı xəbərdar edin ki, ölkə xaricinə gedirsiniz
Bankı səfər barədə məlumatlandırmaq çox insana qəribə görünə bilər. Amma bu addımı atmaq faydalıdır. Xəvbardar etmədikdə bank ölkə xaricində olan əməliyyatı – kartdan pul oğurlanması və ya fırıldaqçılıq kimi qəbul edib kartınızı blok edə bilər. Əgər əməliyyat şübhəli təsir bağışlarsa bu baş verəcək.
2. Səfərə müxtəlif ödəniş sistemlərinin kartını götürün
Hər ehtimala qarşı üzərində həm Visa, həm də MasterCard olması tövsiyə olunandır. American Express-in komissiya haqqları yüksək olduğundan ona adətən daha bahalı dükanlarda rast gəlmək olur. Ola bilər ki, Visa istifadə olunan bir dükanda MasterCard keçərli olmasın. Özünüzü bu riskə qarşı sığortalayın ki, heç bir probleminiz olmasın.
3. Mobil bankinq
Mobil telefonunuza bankınızın mobil tətbiqini yükləyin. Bu tətbiq vasitəsi ilə kartı bloklaşdırmaq, ən son edilmiş alış-verişlərin zaman və məkanı haqqında məlumat əldə etmək mümkündür.
4. SMS Bankinq
Xarici ölkəyə səfər edərkən kartınızda baş verən bütün əməliyyatlardan xəbərdar olmaq üçün kartınızda sms- notification, sms –məlumatlandırma xidmətlərini aktivləşdirin. Bu sizə imkan verəcək ki, kartınız vasitəsi ilə kənar adam alış-veriş edən kimi bundan xəbər tutasınız. Bəzən olur ki, kartın itməyindən insan özü çox gec agah olur. SMS-ləri almaq üçün xidmətin bağlı olduğu nömrə xaricə gedərkən işlək vəziyyətdə olmalıdır. Yəni ən azından heç kəsə zəng etməsiniz və zəng qəbul etməsiniz belə, Rominq xidmətini aktiv etməyə dəyər.
5. Bankla təcili əlaqə yolları
Mütləq bankın telefon nömrəsi sizdə olsun. Düzdür nömrə adətən kartın arxa hissəsində olur, amma kart itmiş olsa, çətin ki bu köməyinizə çatsın. Ona görə də yaxşı olar ki, nömrə telefonun yaddaşında olsun və ya bloknota və s yazın və onu pulqabıdan fərqli yerdə saxlayın. Əlbəttə telefondan istifadə edə bilmək, yəni zəng etmək üçün rominq xidməti və telefonun balansında pul olması lazımdır. Amma bunları onlayn qaydada etmək olur. Həmçinin bank ilə onlayn əlaqə yaratmaq da mümkündür. Bankların onlayn çatları, skype xidmətləri olur.
6. Hər ehtimala qarşı nağd pul - dollar götürün
Səyahət zamanı nə desəniz baş verə bilər, yol qəzası, pul oğurluğu, bankın siz ölkə xaicində olduğu zaman iflas etməsi və s. Həmçinin ola bilər ki, sizə yaxın bankomat çalışmasın. Bütün bu hallara qarşı sizin nağd pulunuz olmalıdır. Avropa səyahətləri zamanı avro. Digər səyahətlər zamanı isə üzərinizdə dollar götürmək məsləhətdir, hansını ki yerli valyutaya daha sərfəli dəyişmək olar.
7. İnternet bankinq üçün ictimai Wi-Fi isitfadə etməyin
Restoranlar, hava limanı, muzey, park, nəqliyyat və s yerlərdə əlçatan olan internet əlbəttə ki, turistin rifahı üçün nəzərdə tutulub, çünki bu onu əlavə internet xərclərindən azad edir və qənaət etməyə imkan verir. Amma nəzərə alın ki, bu şəbəkələr çox nadir hallarda qorunur və daxil edilən informasiyanın xakerlər tərəfindən ələ keçirilməsi mümkündür. VPN tətbiqindən və ya qorunan brazuerlerdən istifadə edin.
8. Bankomatların mövcudluğunu araşdırın
Düşünməyin ki, yolunuzun üstü bankomatlar ilə dolu olacaq, təbii ki bu səfər etdiyiniz məkana bağlıdır. Məsələn ekzotik adalarda cəmi bir bankomat ola ya olmaya. Ona görə bu sürprizlərə hazırlıqlı olun. Bankomatları və mümkün komissiyya xərclərini araşdırın.
9. Kəmərin üstündə bağlanan çantalar
Bəli, sizi elə də yaraşıqlı göstərməyəcək, amma bu tip çantalara girmək oğrular üçün daha çətin olur. Və ya bel çantanızı qarşı tərəfə, sinə nahiyyəsinə doğru asın, çantaları nəzarətsiz qoymayın, xüsusən də tünlük və insanların bol olduğu yerlərdə.
10. Dəyərli əşyaları eyni yerdə saxlamayın
Nə bütün nağd pulu, nə də bütün kartlarınızı eyni anda üstünüzdə gəzdirməyin. Qalanlarını isə otelin seyfinə qoymaq olar, əlbəttə əgər güvənli təsir bağışlayırsa. Qarət olunduğunuz halda bu riskləri azaldacaq. Həmçinin səyahətçilər tövsiyə edir ki, pulları çanta, cib, pul qabı və s vasitələr arasında paylaşdırmaq lazımdır. Yəni itirsəniz və ya oğurlansa hamısı birdən getməsin deyə. Şalvarların və pencəklərin gizlin cibləri də işə yaraya bilər.