Taleh Kazımov kapital bazarları ilə bağlı əsas çağırışları açıqlayıb | Banco.az

Taleh Kazımov kapital bazarları ilə bağlı əsas çağırışları açıqlayıb

Ölkədə dövriyyədə olan manat kütləsinin 46%-i nağd şəkildədir və bu vəsaitlər əsasən əhalinin “yastıq altında” saxladığı pullar və biznesin kassalarıdır.

Bunu kapital bazarları ilə bağlı əsas çağırışları səsləndirərkən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

    Onun sözlərinə görə, bu amil də kapital bazarlarının inkişafı üçün məhdudlaşdırıcı faktor hesab olunur. Onun sözlərinə görə, kapital bazarlarının inkişafı üçün bir sıra çağırışlar var. Əsas çətinliklərdən biri maliyyə sisteminin bank əsaslı olmasıdır. Hazırda Azərbaycanda maliyyə sisteminin əsas likvidliyi bank sektorunun üzərində cəmləşib və bu da əsasən 4–5 iri bankın payına düşür.

    Taleh Kazımov qeyd edib ki, 10 ildən artıq müddətdə bank sektorunun kapital bazarlarına birbaşa çıxışı olmayıb, lakin artıq yeni tənzimləmə tətbiq edilib və banklar birbaşa kapital bazarlarında iştirak edə bilirlər.

    İkinci əsas çağırışın qanunvericilik çərçivəsinin zəifliyi ilə bağlı olduğunu deyən AMB sədri vurğulayıb ki, mövcud çərçivə beynəlxalq praktikaya uyğun gəlmir. Bu səbəbdən “Qiymətli kağızlar haqqında” qanun faktiki olaraq yenidən yazılır və cari prosedurlar nəzərə alınmaqla sənədin gələn il təsdiqlənməsi planlaşdırılır. Yeni qanunun bazara yeni alətlərin və infrastruktur mexanizmlərinin gətirilməsinə şərait yaradacağı bildirilib.

    Üçüncü əsas çağırışın isə biznesin özü ilə bağlı olduğunu deyən Taleh Kazımov qeyd edib ki, peşəkar yetkinlik artmadan kapital bazarlarının da inkişafı mümkün deyil. Onun sözlərinə görə, hazırda bir çox şirkətlər “niyə IPO edim, kredit götürərəm” yanaşması ilə hərəkət edir və korporativ idarəetmə səhm sahiblərini çəkindirir.

    AMB sədri vurğulayıb ki, səhmdarların bir hissəsi gündəlik hesabatlılığı və şəffaflığı qəbul etmək istəmir, halbuki şirkətlərin açıq bazara çıxışı üçün investorların onları tanıması və etibar etməsi əsas şərtdir. O əlavə edib ki, korporativ idarəetmə səlahiyyətlərinin peşəkar komandalara ötürülməsi və səhmdar nəzarətinin institusional mexanizmlərlə aparılması vacibdir.

    Taleh Kazımov qeyd edib ki, Azərbaycanda kapital bazarlarına münasibətdə hələ də 1990-cı illərdən qalma psixoloji baryerlər mövcuddur və “ora girmərəm” yanaşması dəyişdirilməlidir.

    apa