Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır? | Banco.az

Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?

İşçinin məzuniyyət müddətinin 2 ayı əhatə etdiyi hallarda həmin dövr üzrə hesablamalar aylar üzrə ayrıca aparılmalı və sonuncu əməkhaqqı ilə müqayisə ediməlidir. Bəs Әmək Məcəlləsinin 111-ci maddəsinə əsasən müəyyən edilmiş sonuncu əməkhaqqı bu Məcəllənin 140-cı maddəsinə uyğun hesablanan məzuniyyət haqqından yüksək olduğu halda aylar üzrə bölgü necə aparılmalıdır? 

Banco.az xəbər verir ki,  iqtisadçı ekspert Anar Bayramov mövzu ilə bağlı sualı nümunələr əsasında aydınlaşdırır.

Misal 1: Beşgünlük iş rejimində çalışan işçi 23 yanvar 2026-cı il tarixdən 14 gün müddətinə əmək məzuniyyəti hüququndan istifadə edir. İşçinin 14 təqvim gününə hesablanan məzuniyyət haqqı 1.000 manat təşkil etdiyi halda, iş günlərinə hesablanan məbləğ 1.400 manat təşkil edir. İşəgötürən Əmək Məcəlləsinin 111-ci maddəsinin tələblərinə uyğun olaraq məzuniyyət haqqını 1.400 manat olaraq nəzərə alacaq:

Mәzuniyyәt dövrü iki ayı әhatә edir:

Yanvar ayında – 9 təqvim günü;
Fevral ayında – 5 təqvim günü;
Cəmi – 14 təqvim günü.

Bu halda bölgü belə aparılmalıdır:

1.400 : 14 = 100 manat (1 təqvim gününə düşən məbləğ)
Yanvar ayı üzrə: 100 x 9 = 900 manat;
Fevral ayı üzrə: 100 x 5 = 500 manat.

Beləliklə, 900 manat yanvar ayının gəlirlərində, 500 manat fevral ayının gəlirlərində nəzərə alınmalı və hər iki ay üzrə ayrıca icbari ödənişlərə cəlb edilməlidir.

Təcrübədə rast gəlinən suallardan biri də ondan ibarətdir ki, işçi Әmək Məcəlləsində edilmiş dəyişikliklərə dair qanun qüvvəyə minməzdən əvvəl əmək məzuniyyəti hüququndan istifadə etdikdə yeni hesablama qaydası ona şamil olunmalıdırmı? Qeyd edək ki, Әmək Məcəlləsində edilmiş dəyişikliklər 16 yanvar 2026-cı il tarixdən qüvvəyə minib.

Misal 2: İşçi 7 yanvar 2026-cı il tarixdə 7 günlük əmək məzuniyyəti hüququndan istifadə edib. Əmək Məcəlləsində dəyişikliklər qüvvəyə mindikdən sonra həmin məzuniyyət haqqı sonuncu əməkhaqqı ilə müqayisə olunmalıdırmı? Fikrimizcə, bu halda məzuniyyət haqqının sonuncu əməkhaqqı ilə müqayisə edilməsinə ehtiyac yoxdur.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi, həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq, onun qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə də şamil edilir.

Lakin nəzərə almaq lazımdır ki, sonuncu əməkhaqqı ilə müqayisə mexanizminin tətbiqi işçinin vəziyyətini yaxşılaşdırsa da, işəgötürənin vəziyyətini pisləşdirən hal kimi çıxış edir. Bu səbəbdən, qeyd edilən halda Konstitusiya Qanununun 87.2-ci maddəsinin tətbiqi məqsədəuyğun hesab edilmir. Bununla belə, işəgötürən əmək hüquqlarının yaxşılaşdırılması prinsiplərini rəhbər tutaraq, bu yanaşmanı 1 yanvar 2026-cı ildən etibarən verilən məzuniyyətlərə könüllü şəkildə tətbiq edə bilər.

Misal 3: İşçi 10 yanvar 2026-cı il tarixdə 14 gün müddətinə əmək məzuniyyəti hüququndan istifadə edib. Fikrimizcə, bu halda işəgötürən Əmək Məcəlləsində dəyişikliklərin qüvvəyə mindiyi 16 yanvar 2026-cı il tarixi də daxil olmaqla, həmin tarixdən sonrakı məzuniyyət dövrü üzrə məzuniyyət haqlarını sonuncu əməkhaqqı ilə müqayisə etməlidir. Əgər həmin dövrə təsadüf edən məzuniyyət haqqı sonuncu əməkhaqqından az olarsa, hesablamalara müvafiq düzəliş edilməlidir.