"Son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə marağının artması müşahidə olunur" | Banco.az

"Son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə marağının artması müşahidə olunur"

"Bu ilin ilk 9 ayıda Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artaraq 1.535 milyon nəfərə çatıb".

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, gələnlərin sayı Çindən- 8,2 dəfə, Cənubi Koreyadan - 3,4 dəfə, Türkmənistandan - 2,9 dəfə, Hindistandan - 2,1 dəfə, Polşadan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Misirdən - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,6 dəfə, Belarusdan - 1,6 dəfə, Moldovadan - 1,6 dəfə, Özbəkistandan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, İtaliyadan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, ABŞ-dan - 41,4 faiz, Kanadadan - 41,1 faiz, İsraildən - 34,6 faiz, Gürcüstandan - 31,7 faiz, Niderlanddan - 30,2 faiz, Böyük Britaniyadan - 26,3 faiz, Küveytdən - 24,0 faiz, Fransadan - 23,2 faiz, Almaniyadan - 20,6 faiz, Türkiyədən - 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,6 faiz, Ukraynadan - 8,6 faiz artıb:

"Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illər ilə müqayisədə dəyişiklik qeydə alınır: Avropalıların sayı artır, Ərəb tursitlərinin səfərləri azalır. Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalsa da Avropa İttifaqından sayı 39,5 faiz artıb.

Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur.

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər". 

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 24,7 faiz artaraq 1384,8 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 49,5 faiz, Gürcüstana gedənlərin sayı 31,7 faiz, Türkiyəyə gedənlərin sayı 17,5 faiz artmış, İrana gedənlərin sayı 17,0 faiz azalıb. Ölkə vətəndaşlarının 44,6 faizi Türkiyəyə, 21,2 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,0 faizini kişilər, 35,0 faizini qadınlar təşkil edib.